NTD-in basketbolçusu Əkbər Məmmədovun SİA-ya müsahibəsini təqdim edirik:
- Basketbol üzrə ölkə kubokunun final matçında Gəncə ilə (81:72) qarşılaşdız. Matç barədə nə düşünürsüz?
- Final oyunundan əlavə bizdə yarımfinal görüşü də çətin keçmişdi. Yarımfinalda “Neftçi” komandasına 86:83 hesabı ilə qalib gəldik. Yəni biz böyük əziyyətlə final görüşünə çıxmışdıq. Buradakı rəqibimizdə güclü idi. Onların yerli oyunçuları gənc və təcrübəlidir. Yarım final görüşümüz də final kimi keçdi. Ona görə də biz sanki iki dəfə final görüşünə çıxdıq.
- Final görüşünü qalib qismində bitirdiniz. Kuboka sahib olmaq necə hissdir?
- Mən ikinci dəfədir ki, Azərbaycan kubokuna sahib oluram. İnanılmaz hissdir. Kubokun ayrı bir sevinci var. Çox gözəl hissdir. Liqa davam edə-edə çempion olmaq oyunçuya çox böyük motivasiya verir.
- Matçdan öncə bu uğura imza atacağınıza inanırdınızmı?
- Əlbəttə ki, çox inanırdım. Evdən çıxıb oyuna gedərkən özümü kubokun sahibi hesab edirdim. Yəni o qədər inanırdım ki, kubok bizim olacaq. Bizə digər insanlar inanmırdı. Təbii ki, özlərinə görə haqlı səbəbləri var idi. Çünki Liqa başladığı zaman yaxşı çıxış etməmişdik. Daha sonra yerli oyunçularımız çox cavan idi. Oyuna çıxan hər iki cavan oyunçumuzda çox yaxşı perspektivli oyunçulardır. İksinin də 17 yaşı var. Bu yaşda belə uğura imza atmaq dəhşətli dərəcədə inanılmazdır.
- Bu uğur sizə liqadakı oyunlara daha motivasiyalı çıxmağınıza səbəb olacaqmı?
- Təbii ki, bu uğur bizi digər oyuna motivasiya edəcək. Artıq çempion kimi oyunlara çıxdığımız üçün hər kəs səndən çəkinir. Ona görə də daim yaxşı nəticə əldə etməliyik. Düzdür kuboku əldə edən komandalar liqada yaxşı çıxış etmir. Amma inanmıram ki, bu hal “NTD”də belə olsun. Üç sezondur bu liqada çıxış edirik. Çempionluğa ac bir komandayıq. Liqada da çempion olmaq üçün əlimizdən gələni edəcəyik.
- Sonuncu görüşdə Sərhədçi ilə qarşılaşacaqsınız. Matç barədə nələr düşünürsünüz?
- Məşqlərimiz başlayıb. Kuboku udduq, sevindik. Amma artıq hər şeyə qaldığımız yerdən davam edəcəyik. Liqadada çıxdığımız matçlarda qalib gəlib, finala çıxacayıq.
Bütün xəbərlər Facebook səhifəmizdə