"Əldə olunan uğurlar gələcək nəsil gimnastlar üçün ilham mənbəyi olur" - Vəfa Bəkərova DANIŞDI
"Bu turnirdə dünyanın müxtəlif ölkələrindən gələn gimnastlar öz bacarıqlarını nümayiş etdirdilər". Bunu SİA-ya açıqlamasında “Ocaq Sport” klubunun İdarə Heyətinin sədri Vəfa Bəkərova deyib.
O, Macarıstanın paytaxtı Budapeştdə keçirilən 30-cu "Gracia Fair Cup" bədii gimnastika üzrə beynəlxalq turniridə idmançılarımızın iki bürünc medal qazanmasınl şərh edib.
Qurumun rəsmisi bildirib ki, bu turnirdə ölkəmizi ”Ocaq Sport" klubunun gimnastları təmsil ediblər: "Xüsusilə, Zeynəb İsmayılova və Evelin Yoşpa fərqlənərək hər biri bürünc medal qazandılar. Bu uğur, gimnastlarımızın əzmkarlığı, fədakarlığı və peşəkar hazırlığının nəticəsidir.Bu cür yarışlar idmançılarımızın bacarıqlarını artırmaq, yeni texnikaları mənimsəmək və dünya səviyyəli rəqiblərlə mübarizə aparmaq üçün əvəzsiz imkanlar təqdim edir. Belə tədbirlərdə əldə olunan uğurlar isə ölkəmizin idman imicini daha da gücləndirir və gələcək nəsil gimnastlar üçün ilham mənbəyi olur".
Bəkərova komandanın gələcək planlarından söhbət açıb: "Fevral ayının sonunda gimnastlarımız İstanbula yarışa yollanacaqlar, mart ayında klubumuzun yarışını keçirməyi planlaşdırırıq, aprel ayında isə Tiflisdəki yarışa hazırlaşacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə