"Klubun maliyyə vəziyyəti pis olduğu üçün oranı tərk etdim" - MÜSAHİBƏ

Voleybol üzrə qadınlardan ibarət "Azərreyl" komandasına yeni transfer olunan kubalı idmançı Klaudiya Hernandesin SİA-ya müsahibəsini təqdim edirik:

- “Azərreyl” klubuna keçidiniz necə reallaşdı?

- Çıxış etdiyim klubun maliyyə problemlərinə görə Türkiyədə davam etməmək qərarına gəldim. Daha sonra mövsümün qalan hissəsində oynamaq üçün yeni fürsət axtarırdım. Bu zaman “Azərreyl” klubu qapılarını üzümə açdı.

- Azərbaycan voleybolu barədə nə düşünürsünüz?

- Mən bilirdim ki, Azərbaycanda peşəkar liqa var. Çünki burada çoxlu kubalı voleybolçu çıxış edir. Amma klubların adını belə bilmirdim.

- Bundan öncə hansı klublarda çıxış etmisiniz?

- 2024-2025-ci il mövsümüm Türkiyənin ikinci divizionunda mübarizə aparan “Bordo Sport” klubunda çıxış edirdim.

- Komanda tərəfindən necə qarşılandınız?

- Çox yaxşı şəkildə məni qəbul etdilər. Yoldaşlarımın hər biri ilə tanış olmuşam və söhbət etmişik. Hər şey çox yaxşıdır.

- Baş məşqçi ilə nə kimi danışığınız oldu?

- “Azərreyl”də ilk oyunumdan əvvəl sosiallaşmaq üçün bir neçə saatım var idi. Amma tez uyğunlaşdığım üçün bu mənə problem deyildi. Qızlar və məşqçilər gözəl atmosfer yaratdılar və mən də qoşuldum. Bu zaman məşqçi ilə də danışmaq imkanım oldu. O, mənə öz tövsiyyələrini verdi.

- “Azərreyl”dəki əsas məqsədiniz nə olacaq?

- Əsas məqsədim komandanın fəxri kürsünün ən yüksək pilləsinə qalxması üçün optimal performansa sahib olmaqdır.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə