"Qazilərə yardım edilməsini çox müsbət qiymətləndirirəm" - QURUM RƏSMİSİ DANIŞDI

"Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsini çox müsbət qiymətləndirirəm". Bu sözləri SİA-ya açıqlamasında "Qarabağ Qaziləri" ictimai birliyinin rəhbəri Asəf Əliyev deyib.

Asəf Əliyev qeyd edib ki, bu Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti addım idi: "Daimi olaraq cənab Prezident Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlara diqqət və qayğı göstərir. Bu günlərdə növbəti yeni bir addım atıldı. 2021-ci ilin dekabrın 23-də Prezident İlham Əliyevin göstərişi ilə Birinci Qarabağ müharibəsi qazilərinə birdəfəlik ödənişlərin edilməsi ilə bağlı fərman verildi. Bu gün də bu Nazirlər Kabinetinin qərarı ilə həyata keçirildi. Prezidentin imzaladığı fərmanda Birinci Qarabağ müharibəsi əlillərinin 1991-ci ildən 1997-ci ilin avqustun 2-nə qədər yaralanmış, əlillik dərəcəsi almış, birinci, ikinci, üçüncü qrup əlillərə birdəfəlik ödənişlərin olunması ilə bağlı göstəriş verildi.

Güc strukturlarına da tapşırılmışdı ki, siyahılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilsin. Bu gün artıq siyahılar hazırlanıb, fərmanın icrasına başlanıb. Birinci qrup əlillərə 8 min 8 yüz manat , ikinci qrup əlillərə 6 min 6 yüz , ikinci qrup əlillərə 4 min 4 yüz manat nəzərdə tutulub. Bu da müharibədə iştirak etmiş 17-20 min arası insana şamil olunacaq. 11 min şəxsin siyahısı tam olaraq hazırlanıb. Yerdə qalan şəxslərə də müraciətlər əsasında ödənişlər veriləcək. Buna görə də Qarabağ Qazilər Birliyi adından cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə