BBU-nun təşkilatçılığı ilə beynəlxalq elmi-praktiki konfrans keçirilib

Mayın 6-da Bakı Biznes Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransın plenar iclasında AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadə, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d.,prof. Nazim Müzəffərli, AMEA-nın müxbir üzvü, Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, i.e.d., prof. Akif Musayev, Auditorlar Palatasının sədri, i.e.d., prof. Vahid Novruzov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi işlər üzrə rəis müavini, i.e.d., prof. Cəmilə Namazova, Əməkdar kənd təsərrüfatı işçisi, i.e.d., prof. İslam İbrahimov, Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru, i.e.d. Aygün Quliyeva və respublikanın digər tanınmış iqtisadçı alimləri ilə yanaşı, Rumıniya Təhsil Nazirliyinin və Ukrayna Milli Elmlər Akademiyasının nümayəndələri, Moldovanın Avropa Universitetinin, Ukraynanın Çernihov Milli Politexnik Universitetinin, Zaporojya Milli Universitetinin, Ümumrusiya Dövlət Ədliyyə Universitetinin Şimali-Qafqaz İnstitutunun professor-müəllim heyəti iştirak edib.

Konfransı giriş nitqi ilə açan Bakı Biznes Universitetinin rektoru, i.e.d., prof. İbad Abbasov bütün iştirakçıları salamlayıb və konfransın mövzusunun dünyada narahatlıq yaradan münaqişələr və bu münaqişələrin həllindən sonrakı postkonflikt dövründə həmin ərazilərin bərpası, sosial-iqtisadi inkişaf ilə bağlı olan problemlərə həsr edildiyini qeyd edib. Rektor bildirib ki, 30 ildən çox bir dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsi davam etsə də, Azərbaycan Silahlı

Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin polad iradəsi, cəsur əsgərlərimizin rəşadəti, peşəkar zabitlərimizin müasir-hərbi texnologiyalarından istifadə etmək bacarığı və xalqımızın möhtəşəm dəstəyi nəticəsində 44 gün ərzində münaqişə öz ədalətli həllini tapıb. İndi isə yeni bir dövr başlayır. Bu dövr, işğaldan azad edilmiş ərazilərin bərpası, sosial-iqtisadi inkişaf problemlərinin müəyyən edilməsi və onların həlli yollarının araşdırmasından ibarətdir.

Akademik Ziyad Səmədzadə çıxışında işğaldan azad olunan ərazilərin iqtisadi potensialından istifadə edilməsi barədə söz açaraq, mövcud reallıqlar və gələcək perspektivlər barədə geniş məlumat verib.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışında Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğundan və müasir çağdaş Azərbaycanın iqtisadi inkişaf proseslərindən söhbət açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən regionlar və iqtisadiyyatın şaxələndirilməsinə dair qəbul edilmiş dövlət proqramlarının yerinə yetirilməsi haqqında öz fikirlərini bildirib. O, həmçinin Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində iştirak etmiş və döyüş zamanı xəsarət almış Yasamal rayon qazilərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib.

İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli Qarabağın gələcək iqtisadiyyatının konturları mövzusunda çıxış edərək isğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın inkişaf perspektivlərindən, sosial-iqtisadi inkişafın təmin olunması üçün zəruri olan iqtisadi proseslərdən, mövcud olan problemlərin həlli üçün optimal imkanlardan bəhs edib. Daha sonra, professor Akif Musayev post-konflikt dövründə Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində quruculuq işlərindən, müəyyən edilmiş layihələrdən, icra olunmuş işlər və növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin reallaşdırılmasına dair fəaliyyətlərdən məruzə edərək, həmçinin Qarabağın işğaldan azad olunmuş ərazilərində elmi tədqiqat işlərinin bərpa edilməsi ilə bağlı təkliflər və tövsiyələr irəli sürüb.

Plenar iclasda iştirak edən xarici qonaqlar da mövzuya dair məruzələrində postkonflikt tənzimlənmənin effektiv vasitəsi kimi sosial sahibkarlıq, investisiya qoyuluşları və iqtisadiyyatın rəqəmsallaşması kimi aktual məsələlərə toxunublar.

Məruzələrdən sonra, konfrans mövzu ətrafında müzakirələrlə işini davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə