“Azərbaycan haqq yolundadır və öz qanuni ərazilərini geri qaytaracaq!” Seyfəddin Əliyev

“Bu gün müzəffər Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı yağı tapdağından azad edir, hər gün yeni bir müjdə ilə xalqımızın qəlbini iftixar, qürur hissi ilə doldurur. Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən güc alan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edərək 30 il əsirlikdə qalan torpaqlarımızı azadlığa qovuşdurur”.

Bunu YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev “SƏS” açıqlamasında bildirib. S.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev oktyabrın 26-da xalqa müraciətində Ermənistanın havadarlarına bir daha xəbərdarlıq mesajı göndərib: “Sizə deyirəm, bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Yaxşı, onlara maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, Ermənistan ayaq üstə dura bilərmi? Yox!”.

S.Əliyev onu da bildirib ki, bu gün Ali Baş Komandanımız İlham Əliyev cənablarının xalqa etdiyi müraciətləri, müsahibələri, canlı debatları və çıxışları ilə səlis natiqlik bacarıqları və diplomatik səriştəsi ilə ölkəmizin haqlı mövqeyini dünyaya nümayiş etdirməklə Vətən savaşında Azərbaycanın haqlı olduğunu bir daha göstərməkdədir: “Azərbaycanın uğurları, qələbələri döyüş meydanı ilə yekunlaşmır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi-diplomatik sferada da məğlubiyyətə uğradır”.

“Ali Baş Komandanın rəhbərliyi ilə bu gün yeni tarix yazıldı”, -deyən YAP Masallı rayon təşkilatının sədri onu da bildirib ki, Azərbaycan Ordusunun potensialı göz önündədir: “Bu gün real faktordur ki, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq Azərbaycanın təcrübəsini öyrənir. Ali baş Komandanımızın rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib. Məhz Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanda ordu quruculuğu istiqamətində zəruri addımlar atılıb. Bu gün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz regionun və dünyanın güclü orduları sırasına yüksəlib”.

S.Əliyev, həmçini qeyd edib ki, Azərbaycan öz tarixi, əzəli-əbədi torpaqlarında bütün beynəlxalq təşkilatlar tərəfindən tanınan əraziləri uğrunda mübarizə aparır: “BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, BMT üzvü olan ölkə silahlı hücuma məruz qaldığı halda özünümüdafiə hüququna malikdir. BMT-nin Təhlükəsizlik Şurasının icra olunmayan 4 qətnaməsinə əsasən Ermənistan silahlı qüvvələri birmənalı şəkildə işğal olunmuş torpaqlarımızı tərk etməlidir. Azərbaycanın atdığı hər bir addım beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almır,dinc sakinlərə zərər vermir”.

“Hərtərəfli məğlubiyyətə uğrayan işğalçı Ermənistan hakimiyyəti isə məğlubiyyətini ört-basır etmək üçün ciddi təxribatlara əl atır”,- deyən S.Əliyev vurğulayıb ki, Ermənistanın ölkəmizə qarşı təxribat hücumları, hiylələri, məkri Azərbaycanı öz yolundan döndərə bilməz: “Dövlət başçımız oktyabrın 26-da xalqa müraciətində də bir daha bildiridi ki, Azərbaycan xalqı bu haqsızlığı unutmayacaq: “Biz Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs bizim münasibətlərimiz necə olacaq? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün gələcək, xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə gələcəklər. Bəs bizə hansı üzlə baxacaqlar?” – deyə Ali Baş Komandanımız bildirib”.

“Artıq dünya birliyi Azərbaycanın gücünü qəbul edir və anlayır ki, haqq, ədalət uğrunda savaşa qalxan ölkə öz ərazi bütövlüyünü qısa müddətdə bərpa edəcək”,- deyən YAP Masallı rayon təşkilatının sədri S.Əliyev bildirib ki, Ali Baş Komandanımız, ölkə Prezidenti İlham Əliyev cənabları müraciətində də bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək: “Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”

S.Əliyev sonda onu da bildirib ki, "bu gün düşməni qova-qova artıq dünya birliyi Azərbaycanın gücünü qəbul edir və anlayır ki, haqq, ədalət uğrunda savaşa qalxan ölkə öz ərazi bütövlüyünü qısa müddətdə bərpa edəcək. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə