"Xalqımızın sağlamlığı, rifahı Sizin üçün ən ümdə məsələdir" Minnətdarlıq məktubları

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər. SİA Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktublardan bir neçəsini təqdim edir.

Hacıqabul rayonunun Birinci Udullu kəndindən Məhəmməd Hacıyev yazır:

“Möhtərəm cənab Prezident, dünyada koronavırus pandemiyasının sürətlə və geniş yayıldığı dövrdə Sizin ölkəmizdə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu təhlükəli bəladan xilas olmaq üzrədir. Lazımi anda çox çevik tədbirlər görməyiniz bir daha onu göstərdi ki, xalqımızın sağlamlığı, rifahı Sizin üçün ən ümdə məsələdir və daim diqqətinizdədir. Ölkədə mövcud karantin rejiminin tətbiq olunması ilə yanaşı, koronavirus pandemiyasına qarşı birgə mübarizə məqsədilə beynəlxalq təşkilatlarla çoxşaxəli fəaliyyətiniz, onlara qlobal çağırışlarınız göz qabağındadır. Bu, Sizin ümumbəşəri hisslərlə yaşadığınızı və çox humanist, geniş qəlbə malik olduğunuzu sübut edir. Möhtərəm cənab Prezident, Sizinlə birlikdə ən yaxın silahdaşınız Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva koronavirus pandemiyası qeydə alındığı gündən bu sahədə çox böyük işlər görmüşdür. Mehriban xanım pandemiyanın ilk günlərində Azərbaycan xalqına bir ana kimi, bir xanım kimi müraciət edərək, onları bu amansız və gözəgörünməz xəstəliyə qarşı mübarizədə birliyə çağırdı, vətəndaşlarımızı “Evdə qal!” prinsipinə əməl etməyə, bir-birilərinə qarşı diqqətli, qayğıkeş olmağa, Operativ Qərargahın təlimatlarına əməl etməyə səsləyərək bildirdi ki, biz birlikdə koronavirus pandemiyasının birinci mərhələsində qalib gəldik. Lakin qarşıda bizi daha çətin və uzun mərhələ gözləyir. Ona görə də qaydalara riayət etmək, küçədə sosial məsafəni saxlamaq, tibbi maska taxmaq və şəxsi gigiyenanı gözləmək hər bir vətəndaşın borcudur. Son dərəcə məsuliyyətli olmalı, özümüzü, ailəmizi, yaxınlarımızı və xalqımızı gözəgörünməz düşməndən qorumalıyıq.

Möhtərəm cənab Prezident, Hacıqabul rayon sakini və bir ziyalı kimi koronavirus pandemiyası təhlükəsindən xalqımızı fədakarcasına qoruduğunuza, hər zaman vətəndaşların yanında olduğunuza görə Sizə və Mehriban xanıma Hacıqabul rayon sakinləri adından, şəxsən öz adımdan təşəkkür və minnətdarlığımı bildirirəm. Azərbaycan dövlətinin rifahı və möhkəmlənməsi naminə, çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirəm. Allah Sizi, ailənizi və Azərbaycanımızı qorusun!”.

Sumqayıt şəhərinin sakini Mehriban Əhmədova yazır:

“Hörmətli cənab Prezident, Siz daim hər bir Azərbaycan vətəndaşının qayğısına qaldığınızı bütün addımlarınızla sübut edirsiniz. Koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş xüsusi karantin rejimində aztəminatlı ailələr xüsusi qayğı ilə əhatə olunub. Biz də belə ailələrdən biriyik. Bu günlərdə gördüyüm diqqət, ərzaq yardımı ilə təmin olunmağım mənə Qarabağ qazisi olan mərhum həyat yoldaşımın yoxluğunu unutdurdu. Sizə bu qayğıya görə minnətdarlıq bildirirəm. Allah Sizdən razı olsun!”.

Yevlax şəhərindən Abdurrahim Qarayev: “Hörmətli cənab Prezident, mən azərbaycanlı şagird olaraq Vətənimlə, Sizinlə fəxr edirəm. Sizin bütün vətəndaşların, o cümlədən məktəblilərin qayğısına qalmağınız bizlərə olan sevginin göstəricisidir.

Koronavirus pandemiyası ilə bağlı yürütdüyünüz siyasət nəticəsində Azərbaycan digər ölkələrə nisbətən daha az itkilər verir.

Sizə bütün işlərinizə görə minnətdarlığımı bildirirəm. Allah dövlətimizi, Sizi, xalqımızı qorusun!”.

Bakının Yasamal rayonundan Eldar Sultanov, Günel Məmmədova və Dilarə Quliyeva yazırlar:

“Möhtərəm cənab Prezident, pandemiya dövründə xalqımızı qorumaq üçün vaxtında gördüyünüz tədbirlərə, bizə yardım edilməsinə tapşırıq verdiyinizə görə Sizə səmimi qəlbdən dərin minnətdarlığımızı bildiririk. Sizi sevirik və hər zaman dəstəkləyirik. Evdə qalan, işə gedə bilməyən insanların bu çətin günlərdə maddi yardım və sovqatlarla təmin olunması böyük bir qayğının göstəricisidir. Biz də bu qayğını görən insanlardanıq. Bu işlərdə Heydər Əliyev Fondu da öz köməyini əsirgəmir. Biz fəxr edirik ki, Azərbaycan xalqının Sizin kimi güclü, qüdrətli Prezidenti var. Allah Sizi və ailənizi qorusun! Hər zaman Sizinləyik”.

Bakının Nəsimi rayonundan Adil Ağayev:

“Hörmətli cənab Prezident, Sizin böyük iradəniz, qətiyyətiniz, əzminiz sayəsində ölkəmiz koronavirusa qarşı güclü dirəniş göstərməkdədir. Dünyada geniş yayılan bu bəla Sizin müdrik siyasətinizin nəticəsidir ki, ölkəmizdə özünü o qədər də güclü göstərə bilmədi. Şükürlər olsun ki, ölkəmizdə yoluxanların sayı digər ölkələrlə müqayisədə azdır. Əziz Prezidentimiz, xalqımız Sizin yanınızdadır və Sizinlə fəxr edir. Biz Ağayevlər ailəsi də Sizi dəstəkləyirik. Sizə bütün həyat boyu işıqlı yol, sağlam ömür arzulayırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...