Azərbaycanda humanizm meyilləri geniş nəzərə alınıb - AÇIQLAMA

"Azərbaycanda koronavirus əleyhinə aparılan işlər, atılan addımlar çox mükəmməldir. Yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargahın maarifləndirmə tədbirləri, Kütləvi İnformasiya Vasitələrinin gördüyü işlər dünyada aparılan bütün təcrübələr ən mükəmməl şəkildə Azərbaycanda tətbiq olunur". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O, bildirib ki, ictimai təşkilat sədri olaraq aparılan işlərin monitorinqini də keçirirəm: "Mart ayının 21-də Bakının 65 kilometrlik məsafəsinə getdim və həqiqətən orada avtomobillərin dayandırıldığını gördüm. Polislərin çox qətiyyətlə işlədiyinin şahidi oldum. Onlar Operativ Qərargahın qərarlarına əsasən Bakıya avtomobillərin buraxılmasının qarşısını alırlar. Dünyanın inkişaf etmiş ölkələrində hansı qabaqlayıcı tədbirlər alınıbsa, eynilə Azərbaycanda da bu tədbilərin yüksək səviyyədə həyata keçirildiyi müşahidə olunur. Onu da qeyd etmək yerinə düşər ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda humanizm meyilləri geniş nəzərə alınıb. Yaşlı və tək yaşayan vətəndaşlara evlərə xidmət, sosial xidmətlərin tətbiqi nizamlı şəkildə aparılır. 65 yaşını ötmüş insanlarla polislər çox diqqət və qayğı ilə davranırlar ki, bu özlüyündə yüksək qimətləndirilməlidir".

Təşkilat sədri qeyd edib ki, bir çox ölkələrdə vəziyyət olduqca gərgindir və vətəndaşlara çox radikal cərimələr tətbiq olunur: "Lakin Azərbaycan bu məsələlərə çox həssas yanaşır və dövlət orqanları da çox həssaslıqla bu prosesi həyata keçirir. Bu gün xəbər aldım ki, Səbail rayonunda parklardan oturacaqlar yığışdırılır və bu da çox yaxşı bir addımdır. Dövlət bu məsələdə üzərinə düşən bütün öhdəliyi lazımınca həyata keçirir. Lakin əhali də dövlətin bu əhəmiyyətli və humanist siyasətini düzgün qimətləndirməlidir".

Eyyub Hüseynov vurğulayıb ki, biznes qurumları Koronavirusa qarşı Yardım Fonduna mümkün dəstəyi göstərməlidirlər: "Əhalinin işsizliyinin qarşısını almalı, hökumətin bu barədə tapşırıqlarına tam şəkildə əməl etməlidirlər. Lakin biznes qurumları təəssüflər olsun ki, illər boyu dövlətin onlar üçün yaratdığı şəraitdən hər zaman sui istifadə edirlər. Hazırki vəziyyətdə isə onlar dövlətin siyasətinə dəstək verməlidirlər".

Sonda isə o, nəzərə çatdırıb ki, mən də yaşı 65 dən yuxarı olan bir şəxs kimi "EVDƏ QAL" şüarına tam əməl edirəm: "Hər gün 8-10 istehlakçının hüququnu telefon vasitəsilə qoruyuram. Biz hər birimiz çalışmalıyıq ki, bu təhlükəli xəstəliyin yayılmasının qarşısının alınmasında öz dəstəyimizi verək. Televiziyalar, sosial media, həmçinin KİV-lər bir çox maarifləndirici yazılar yazır, roliklər nümayiş etdirirlər. Bu da öz növbəsində əhalinin maarifləndirilməsində atılan təqdirəlayiq addımlardan hesab oluna bilər".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə