“Türkün peşəsi əsgərdir” - Qarabağda döyüşən türk hərbçi ilə MÜSAHİBƏ

“Türkün peşəsi əsgərdir” -  Qarabağda döyüşən türk hərbçi ilə MÜSAHİBƏ

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş könüllü türk döyüşçüsü, hərbçi və Qarabağ qazisi İsmayıl Tuncun SİA-ya müsahibəsini təqdim edirik:

– Qəhrəmanlıq haqqında nə deyə bilərsiniz?

– Bilirsiniz, qəhrəmanlar sonunu düşünüb qəhrəman olmurlar. Mən əgər nəsə etmişəmsə, nəsə qəhrəmanlıq göstərmişəmsə, bunları qəhrəman olacağam deyə etməmişəm. Mən Vətənim üçün etmişəm. Tökülən bir damcı qanımın əvəzinə dünya malını, var-dövləti, şəhərləri versələr belə, o qanımın yerini verə bilməzlər.

– Özünüzü təqdim edərdiniz?

– Mən 1968-ci il martın 17-də Türkiyənin Iğdır şəhərində anadan olmuşam. Bizim yaşadığımız yer Ağrı dağının ətəyində, Araz çayının qırağında yerləşir. İlk və orta təhsilimi Iğdırda almışam.

Əsgəri xidmətimi Ankarada keçmişəm. Əsgərlikdən sonra da orada orduda müəyyən xidmətlərdə olmuşam. Əsgəri xidmətimi başa vurduqdan və müəyyən hərbi təcrübə qazandıqdan sonra, 1990-cı illərdə Azərbaycana bir həftəlik ezam olundum. Həmin dövrdə mənə təklif olundu ki, təcrübəli zabit kimi Vətənin sənə ehtiyacı var.

Türkiyəyə qayıtdım. Atamın məsləhəti ilə qərar verdim. Mən Vətən həsrəti ilə yanmışam. Bu peşəni də Vətənimin müdafiəsində olmaq, ona xidmət etmək üçün seçmişdim. Ona görə də 1990-cı illərdə məmnuniyyətlə Azərbaycana gəldim.

Azərbaycana gələndən sonra Tərtər bölgəsinə göndərildim. Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovla, Elman Hüseynovla, Oruc kişi ilə, İdrislə, Sərvərlə, Süliddinlə və adlarını sadalaya bilmədiyim çoxlu qəhrəmanlarla, igidlərlə çiyin-çiyinə döyüşməyə başladıq.

Tərtərdən başlayaraq Çıldırana qədər olan ərazidə xidmət etdik. Azərbaycanın ən çətin vaxtlarında həmin ərazilərdə döyüşürdük. Xankəndi, Çıldıran, Qradnomranda, Pənahkənd, Xankəndi istiqamətlərində döyüşlər gedirdi. Biz həmin ərazilərdə xidmət etdik, əsgərlərə təlim keçdik, əsgər yetişdirdik, kəşfiyyatlara getdik.

Deyə bilərəm ki, Azərbaycanın Tərtər bölgəsində döyüşən könüllü döyüşçülərinin hər biri qəhrəmanlığa, igidliyə layiqdir. Tərtərin özü də qəhrəman Tərtərdir. Həqiqətən də onlar bir qarış da olsun geriyə çəkilmədilər, evlərini boşaltmadılar. Bizimlə bir yerdə tərtərlilərin hamısı xidmət etdilər, yemək göndərdilər. Mən Tərtəri, tərtərliləri çox yaxından və çox yaxşı tanıyıram. Onlar həqiqətən də Azərbaycanın ən yaxşı xidmət edən bölgələrindən biridir.

Hər bir ölkənin özünəməxsus bir icadı var. Alman Mercedes çıxartdığı kimi, ruslar raket düzəltdiyi kimi, nə bilim, ABŞ ayaq getməklə, türkdən də əsgər doğar. Elə türkün peşəsi əsgərdir.

– Bəs bütün həmin döyüşlərdən necə sağ çıxdınız?

– Deyirlər, bəs sən necə sağ qaldın, necə o alovun, atəşin içindən çıxdın? Vallah, bilirsiniz, qoruyan Allahdır. İlahi bir qüvvə var ki, o hər zaman səninlə bərabərdir.

Yetər ki, mən şəxsən düzünü deyim, kaş ki, Cənab Allah mənə şəhidlik mərtəbəsini, o mükafatı nəsib edərdi. Bizim dinimizin müqəddəs kitabı Qurani-Kərimdə, “Əl-Bəqərə” surəsində bildirilir ki, şəhidlər ölmür, axirətə qədər sizinlə bərabərdir.

Bu cür nə qədər uca bir zirvədir. Biz şəhidlərə “öldü” demirik. Şəhidlər ölmür. Allah bizi şəhidlik yolundan köçməyə nəsib etsin. Şəhidlik bir şərəfdir. Mələklərdən daha çox dəyər verilir şəhidliyə.

–Qarabağ döyüşlərində iştirak etdiyiniz zaman başınıza gələn çətin və yadda qalan hadisələrdən danışardınızmı?

– Bizim hər anımız təhlükə altında idi. Orada döyüşən hər bir insan, məncə, qəhrəmanlığa layiq idi. Çünki həmin dövrdə nizamlı ordu yox idi və insanlar könüllü şəkildə əllərinə silah alaraq Vətəni müdafiəyə gedirdilər.

Mənim üçün ən yaddaqalan hadisələrdən biri Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovla birlikdə iştirak etdiyimiz döyüşlərdən biri idi. Həmin vaxt çox ağır döyüş gedirdi. Biz düşmənlə üz-üzə idik və hər an ölüm təhlükəsi vardı.

Döyüş zamanı mənə çox yaxın məsafədən atəş açıldı. Həmin anda Vəzir Orucov müdaxilə edərək mənim həyatımı xilas etdi. O, düşmənin atəşini üzərinə götürərək mənə kömək etdi. Əgər Vəzir həmin an orada olmasaydı, bəlkə də bu gün mən həyatda olmayacaqdım.

Bu hadisəni heç vaxt unutmamışam. Vəzir Orucov kimi qəhrəmanlarla çiyin-çiyinə döyüşmək mənim həyatımın ən ağır, eyni zamanda ən şərəfli xatirələrindəndir.

– Siz bu gün həyatda olduğunuzu Vəzir Orucova borclu olduğunuzu deyirsiniz.

– Bəli. Mən bu gün yaşayıramsa, mən Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucova həyatımı borcluyam. Yuxarıda Allaha, aşağıda Vəzirə. Əgər Vəzir olmasaydı, bəlkə də mən bu gün həyatda olmayacaqdım. Bu, mənim heç vaxt unutmayacağım hadisədir.

– İsmayıl bəy, siz döyüşlərdə kəşfiyyatda iştirak edirdinizmi?

– Bəli.

– Kəşfiyyata gedəndə məqsəd nə olurdu?

– Kəşfiyyatın əsas məqsədi düşmənin vəziyyəti, qüvvəsi və mövqeləri haqqında məlumat əldə etmək idi. Bunun əsasında növbəti addımlar müəyyənləşdirilirdi.

Biz kəşfiyyata çox getmişik. Tərtər batalyonunda da əsas döyüş strategiyalarından biri əvvəlcə kəşfiyyat aparmaq idi. Düşmənin vəziyyətini və gücünü öyrəndikdən sonra döyüşlə bağlı qərarlar verilirdi. Yəni kəşfiyyatın əsas missiyası bu idi.

– Kəşfiyyatdan danışmışkən, əsirlik məsələsinə də toxundunuz. Döyüşlər zamanı erməni hərbçiləri əsir götürülürdümü?

– Bəli, biz ermənilərdən əsirlər də götürmüşük. Amma türk xalqı, o cümlədən azərbaycanlı türklər heç vaxt əsirə zülm etməzlər.

Döyüş zamanı hərbçi silahı yerə qoyub təslim olurdusa, əsir götürülürdü. Bəzən yaşayış məntəqələrində mülki insanlar da olurdu. Əgər həmin şəxs hərbçi deyilsə, mülki vətəndaşdırsa, ona əziyyət vermək olmaz. Müharibənin öz qanun-qaydası var.

Həmin insanları da nəzarətə götürüb qərargaha gətirirdik. Sonradan müxtəlif bölgələrdə əsir və girovların dəyişdirilməsi halları olurdu. Onlar bizim vətəndaşlarımızla dəyişdirilirdi.

Biz əsirə heç vaxt işgəncə verməmişik, zülm etməmişik. Müharibədə iki tərəf arasında döyüş gedir. Amma əsir düşən insana münasibətin də öz qaydaları var.

Mülki formada olan qadına, uşağa, yaşlı insana zülm etmək olmaz. Bu, müharibənin qanunudur, vicdani qanunumuzdur. Bu, dinimizin bizə əmr etdiyi qaydadır. Bu, türkün qanun-qaydasında da belədir.

Amma təəssüf ki, bizim əsgərlərimiz və mülki vətəndaşlarımız əsir düşəndə onlara verilən işgəncələrin şahidi olmuşuq. Mən bunu öz gözlərimlə görmüşəm və həmin görüntülər bu gün də gözümün qabağındadır.

– Döyüşlər zamanı mühasirədə qaldığınız da olub. Həmin günləri necə xatırlayırsınız?

– Düşmüşük. Bəli, düşmüşük. Tam 14 gün mühasirədə qaldığımız olub. Yəni orada artıq özün öz üstündə olanla və təbiətin verdiyi şeylə qidalanmaq məcburiyyətindəsən. Mühasirə içində olmuşuq. Allaha çox şükür, mühasirəni qırıb yenə də təzədən döyüşməyə başlamışıq.

– Süleyman Yusubov sizinlə bağlı bir müsahibəsində deyib ki, sizi hərbi türk formasında görəndə elə bilirdilər bütün Türkiyə onlara köməyə gəlib. Bu barədə nə deyə bilərsiniz?

– Mən bir türkəm. Mən türklüyümlə də fəxr edirəm. Amma azərbaycanlı türkəm. Hər kəsin gözünün içinə dik baxa bilirəm. Ona görə ki, vətənimə, xalqıma xidmət eləmişəm.

– Azərbaycanın gənclərinə nə demək istərdiniz?

– Buradan Azərbaycanın gənc oğullarına, igid oğullarına səslənirəm. Vallahı-billahı, dünyanın harasına gedirsiniz gedin, üzr istəyirəm, milyardlarınız olsa belə, hansı ölkəyə getsəniz də, sənin vətənin yoxdursa, orada sənin quyruğun qısıqdır. Çalışın öz vətənimizə xidmət edin. Allah bizim müstəqilliyimizi əlimizdən almasın.

– Cəbhədə və səngərdə xidmət edən hərbçilərə müraciətiniz nədir?

– Buradan cəbhədə olan, səngərdə olan, sıravi əsgərindən tutmuş böyük zabit heyətinə qədər hamısına öz salamlarımı bildirirəm. Allah sizi qorusun. Siz varsınız, vətənə xidmət edirsiniz, biz burada əmin-amanlıq, rahat və sərbəst şəkildə yaşayırıq.

– Könüllülərin və qazilərin əməyinə münasibətiniz necədir?

– Mərmidə, qarda, səngərdə yatan oğlanlar olubdur. Onlar könüllü döyüşüblər. Bu vətənə xidmət ediblər. Onlara diqqət etmək, qayğı göstərmək hər bir vətəndaşın borcudur, mənəvi borcudur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə