"Son otuz ildə internet sürətlə inkişaf edib. Xüsusilə son illərdə süni intellektin sürətli inkişafı innovativ texnologiyalar sahəsində böyük bir sıçrayış hesab olunur. Təbii ki, bu inkişaf insanların sosial, iqtisadi, məişət və mədəni həyatına birbaşa təsir göstərən amillərdəndir. Bu təsirin ən mühüm istiqamətlərindən biri də insanların sosial münasibətlərinə, ünsiyyət mədəniyyətinə və bütövlükdə cəmiyyətə təsiridir".
Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Əlbəttə, rəqəmsallaşmanın həm müsbət, həm də mənfi tərəfləri var. İlk olaraq mənfi tərəflərindən başlayaq.
Təxminən otuz il əvvəl insanlar arasında qohumluq, dostluq və tanışlıq münasibətləri daha canlı idi. İnsanlar bir-biri ilə daha çox üz-üzə ünsiyyət qururdular. Bu gün isə həmin münasibətlər getdikcə virtuallaşır və müəyyən mənada soyuyur. Halbuki bu, insanın təbiətinə uyğun deyil. İnsan ünsiyyətcil yaradılıb. O, qohumsevər, dostsevər, qonşusevər və sosial varlıqdır. İnsan cəmiyyət daxilində yaşayan bir varlıqdır və onun sağlam sosial həyatı üçün canlı ünsiyyət zəruridir.
Rəqəmsallaşmanın mənfi təsirlərindən biri də məhz insanların bir-biri ilə olan münasibətlərinin zəifləməsidir. Digər mühüm təsiri isə insanların sağlamlığı ilə bağlıdır. İnternetdən əvvəlki dövrdə insanlar daha aktiv həyat tərzi keçirirdilər. Gündəlik tələbatlarını ödəmək üçün müəyyən məsafə qət edir, mağazaya piyada gedir, ictimai nəqliyyatdan istifadə edirdilər. Həmin hərəkətlilik onların sağlamlığına müsbət təsir göstərirdi.
Bundan əlavə, insanlar küçədə, məhəllədə qonşuları və tanışları ilə qarşılaşır, söhbət edir, sosial əlaqələrini möhkəmləndirirdilər. Bu gün isə bir çox alış-veriş və xidmətlər onlayn həyata keçirildiyi üçün insanlar əvvəlki qədər hərəkət etmir, bu da onları fiziki baxımdan daha passiv həyat tərzinə sövq edir.
Müasir insan zehni baxımdan inkişaf etsə də, fiziki hərəkət baxımından əvvəlki nəsillərlə müqayisədə daha passivdir. Bu hərəkətsizlik isə ürək-damar xəstəlikləri, şəkərli diabet, yüksək qan təzyiqi kimi problemlərin yaranmasına, həmçinin qaraciyər, böyrək və digər orqanların fəaliyyətinin zəifləməsinə səbəb ola bilir. Yəni hərəkətsizlik insan sağlamlığına birbaşa mənfi təsir göstərən əsas amillərdən biridir.
Bununla yanaşı, rəqəmsallaşmanın mühüm müsbət tərəfləri də var. Bu gün insanlar alış-verişi, bank əməliyyatlarını, dövlət xidmətlərini və digər işlərini daha operativ şəkildə həyata keçirə bilirlər. Onlayn biznes qurmaq, internet üzərindən ticarətlə məşğul olmaq, hətta məhsulu fiziki olaraq görmədən alıb-satmaq mümkündür. Kompüter və rəqəmsal texnologiyalar sahəsində bilikləri olan insanlar üçün bu, yeni gəlir mənbələri yaradır və onların sosial-iqtisadi rifahının yüksəlməsinə imkan verir.
Artıq innovativ texnologiyaların inkişafından qaçmaq mümkün deyil. Əksinə, insan bu inkişafın bir hissəsinə çevrilməyə çalışır və həyatını daha da təkmilləşdirmək istəyir. Bu, dövrün tələbidir və qaçılmaz prosesdir.
Lakin bütün bunlarla yanaşı, insan öz yaradılışına və təbii xüsusiyyətlərinə zidd yaşamamalıdır. İnsan hərəkət etmək üçün yaradılıb. Ona görə də gündəlik həyatında müəyyən məsafə qət etməli, sürətli yürüş etməli, yüngül idmanla məşğul olmalı və ümumilikdə hərəkətli həyat tərzini planlı şəkildə həyatının ayrılmaz hissəsinə çevirməlidir.
Yəni texnologiyanın verdiyi operativlikdən və iqtisadi imkanlardan istifadə etməklə yanaşı, sağlamlığımızı da qorumalıyıq. Əks halda, rahatlığın gətirdiyi hərəkətsizlik insanın sağlamlığını vaxtından əvvəl itirməsinə səbəb ola bilər. Mən hesab edirəm ki, rəqəmsallaşmadan maksimum faydalanmaqla yanaşı, insanın fiziki, sosial və mənəvi tarazlığını qoruması müasir dövrün ən vacib məsələlərindən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB