Əvvəlki illərdə psixoloji xidmət sahəsində mütəxəssis az olsa da, indi bu sahə ilə məşğul olanlar günü-gündən artır. Bəzən qazanc xətrinə qeyri-peşəkarlar da bu sahəyə üz tuturlar. Qiymətlər isə əl yandırır. Müxtəlif problemlərlə bağlı psixoloqlara üz tutanlar qiymətlərin büdcələrinə uyğun olmadığından şikayətlənirlər. Bəs, görəsən psixoloqların qəbul qiyməti nə qədər olmalıdır? Eyni zamanda psixoloq seçimi edərkən nəyə diqqət yetirilməlidir?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, psixoloqların sayı günbəgün artsa da, əsas məsələ peşəkarlıqdır:
"Təəssüf ki, bəzi hallarda qeyri-peşəkar yanaşmalar, terapiyaların sayının süni şəkildə artırılması sanki gəlir məqsədinə çevrilib. Təbii ki, müştərilər də zamanla başa düşürlər ki, hər gün terapiya olmur və hər seans arasında ən azı iki gün fərq olmalıdır ki, psixoloji vəziyyətdəki dəyişikliklər düzgün qiymətləndirilsin.
Hazırda, məsələn, payız mövsümünə uyğun olaraq, endogen depressiyalar artır. Bu cür depressiyalar dərmanla müalicə olunur, amma koreksiya və tənzimləmə işləri mütləq praktik psixoloqlar tərəfindən psixoterapiya vasitəsilə aparılmalıdır. Bu, gələcəkdə yaz mövsümündə həmin xəstənin yenidən depressiyaya düşməsinin qarşısını alır. Təəssüf ki, qeyri-peşəkarlar bu mexanizmləri bilmədiklərinə görə insanlara sadəcə “apar-gətir” münasibəti ilə yanaşır və ya problemi düzgün yönləndirmirlər. Məsələn, ginekoloji problemi olan bir qadında sidik qaçırma varsa, bəzi “mütəxəssislər” deyir ki, “10 seansa gəl, 3000-3500 manata səni müalicə edəcəyəm”, amma ginekoloqa yönləndirmirlər. Halbuki bu, birbaşa müvafiq sahənin həkiminin işidir. Bu cür hallar insanların əziyyət çəkməsinə səbəb olur.
Qiymətlərin stabilliyi isə psixoloqun işlədiyi yer və aldığı maaşla bağlıdır. Əgər psixoloq sabit maaş alırsa, qiymətlərdə də sabitlik olur. Amma özəl şəkildə, saat hesabı çalışan psixoloqlar üçün, təəssüf ki, başqa reallıq yaranır. Azərbaycanda psixoloqa 1 saatlıq ödəniş edilsə belə, insanlar həmin psixoloqa 24 saat boyunca zəng vururlar, xüsusilə təşviş pozuntusundan və ya hamiləlik dövrü problemlərindən əziyyət çəkənlər. Məsələn, amniosentez zamanı bir çox hamilədə təşviş yaranır, bu isə dölə mənfi təsir göstərir, nəticədə çoxsaylı digər problemlər meydana gəlir. Gələcəkdə bu sahə inkişaf etdikcə, qanunvericilik çərçivəsində daimi maaşla işləyən psixoloqların sayı artmalıdır. Əgər bu xidmət sığorta sistemi daxilində olsa və rəsmi şəkildə aylıq yerlərə qəbul olunsalar, bu qədər baha və qeyri-sabit qiymət problemləri də yaşanmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə