Universitet həyatı hər bir gəncin həyatında iz buraxan, onu həm elmi, həm də insani cəhətdən formalaşdıran önəmli bir dövrdür. Bəziləri üçün bu illər sadəcə diplom əldə etmək üçün bir vasitədirsə, digərləri üçün öyrənmək, inkişaf etmək və özünü kəşf etmək yolunda atılan mühüm addımdır. Bəs məzunlar bu illəri necə xatırlayır? Universitet həyatı onların yaddaşında necə iz qoyub? SİA məzunlar arasında sorğu keçirib.
Tələbə Nahid Ağayev: "Universitet həyatı mənim yaddaşımda çox maraqlı və dəyərli xatirələrlə qaldı. Təhsil aldığım sahə üzrə qazandığım bilik, bacarıq və nailiyyətlərlə yanaşı, bu illər ərzində yeni insanlarla tanış olaraq əhatə dairəmi genişləndirdim. Könüllü fəaliyyətlərdə, inkişaf proqramlarında və müxtəlif layihələrdə iştirak etməklə universitet həyatımı daha mənalı və zəngin keçirməyə çalışdım. Bu dövrdə qazandığım dostlar, tanıdığım fərqli insanlar və qarşılaşdığım yeni təcrübələr mənim üçün olduqca dəyərli oldu. Eyni zamanda peşəkar müəllimlərin və mütəxəssislərin dəstəyini hiss etmək, onların təcrübəsindən faydalanmaq mənim üçün böyük motivasiya idi.
Xüsusilə mentorların keçirdiyi təlimlərdə aktiv iştirak etməklə jurnalistika, media və PR sahələri ilə bağlı bir çox yeni məlumatlar əldə etdim. Bu təlimlər mənə həm nəzəri bilik, həm də praktik bacarıqlar qazandırdı. Bütün bu fəaliyyətlər mənim şəxsi və peşəkar inkişafıma ciddi töhfə verdi. Deyə bilərəm ki, universitet həyatı təkcə dərslərlə məhdudlaşmır. Bu, həm də özünü tapmaq, inkişaf etdirmək və həyatda daha inamla irəliləmək üçün bir fürsət dövrüdür. Bu illər mənim üçün həm öyrənmə, həm də böyümə mərhələsi oldu".
Tələbə Zivər Hüseynova: "Universitet heyəti mənim üçün bir ailə kimi idi. Müəllimlər sadəcə dərs deməklə kifayətlənmirdilər, həm də bizim problemlərimizə qulaq asır, məsləhət verirdilər. Xüsusilə fakültə dekanımız çox anlayışlı insan idi. Bəzən dərsdən daha çox onun həyati tövsiyələri yadımda qalır. Dörd il ərzində müəllimlərimiz bizə qarşı həm tələbkar, həm də qayğıkeş oldular. Elə günlər olub ki, yorğun və ümidsiz halda dərsə gəlmişəm, amma müəllimin bir sözü mənə ruh verib. Əlbəttə, çətinliklər də olub, amma insan harada sevgi və hörmət görürsə, orada olan çətinlikləri də qəbul edir.
Ən çox xoşuma gələn o idi ki, müəllimlər bizim fikrimizi dinləyirdilər. Səhv etdikdə tənqid edirdilər, amma aşağılamadan. Mən bu illər ərzində çox şey öyrəndim və buna görə universitet heyətinə minnətdaram. Məncə, insanın həyatında müəllimin rolu danılmazdır. Bu baxımdan bəxtim gətirdi deyə bilərəm".
Tələbə Səbinə Zalova: "Universitet həyatı mənim üçün çox dəyərli bir dövr olub. Həm çətin, həm maraqlı, həm də deyə bilərəm ki, ən çox şey öyrəndiyim illər idi. Yalnız dərslər baxımından yox, həyatın özünü də burada tanıdım. Özümü tapmağa çalışdığım, bəzən yorulduğum, bəzən nə istədiyimi anlamadığım zamanlar oldu. Amma bütün bu qarışıqlığın içində həmişə bir yol axtardım və bu yol məni özümə bir az da yaxınlaşdırdı.
Ən maraqlı anlar tələbə yoldaşlarımızla birlikdə keçirdiyimiz xatirələr idi. Xüsusilə imtahan ərəfəsində yaşadığımız həyəcan, gərginlik o anlarda çətin görünsə də, indi geriyə baxanda insanın üzündə təbəssüm yaradır. Müəllimlərlə olan münasibət, tədbirlər, dərsə gecikməmək üçün səhərlər qaçaraq universitetə getməyimiz, "qayıb yazmayın, gəlirik" deməyimiz – bütün bunlar artıq şirin bir xatirəyə çevrilib. İndi dönüb baxanda deyirəm ki, yaxşı ki, bu dövrləri yaşamışam. Universitet mənim üçün sadəcə bir təhsil ocağı deyil, həm də özümü tanıdığım, böyüdüyüm və formalaşdığım bir həyat məktəbi oldu".
Tələbə Könül Əliməmmədova: "Bu il mənim universitetdə sonuncu ilim olsa da, bu dörd il mənim üçün sadəcə təhsil illəri yox, həm də formalaşma, dəyişmə və böyümə dövrü oldu. Universitet heyəti mənim üçün dəyişən və inkişaf edən bir ailə ortamı yaratdı. Maraqlısı budur ki, bu illər ərzində üç fakültə dəyişmişəm. Buna baxmayaraq, hər bir fakültənin heyəti səmimi, istiqanlı və tələbəyönümlü insanlar idi. Onlar hər zaman problemlərimizə açıq, dinləməyə və həll etməyə hazır bir kollektiv kimi yadda qaldılar.
Xüsusilə ilk kollektivimdə, birinci kurs olmağımıza baxmayaraq, bizə bir ailə istiliyi hiss etdirirdilər. İmtahan prosesi, dərs yükü, adaptasiya dövrü – hər şeydə bizim yanımızda oldular. Hər hansı bir sualımız olanda, “burada bizi nə gözləyir, necə öyrənəcəyik, necə uyğunlaşacağıq?” kimi suallara açıq və səmimi şəkildə cavab verirdilər. Mənə görə, universitet həyatında ən böyük dəstək, məhz bu heyətin münasibəti idi.
Çox insan universitet həyatından danışanda dərsləri, imtahanları, dostluqları xatırlayır. Mən isə deyərdim ki, ilk növbədə universitet heyətinin bizə verdiyi motivasiya, inam və yolgöstəricilik unudulmazdır. Onların sayəsində universitet mənim üçün sadəcə bir təhsil müəssisəsi yox, həm də bir öyrənmə və özünü tapma məkanı oldu. Bu dörd il yaddaşımda həm çətin, həm də çox dəyərli xatirələrlə qaldı – və bu xatirələrin əsas qəhrəmanları məhz universitet heyəti idi".
Tələbə Türkan Mirzəyeva: "Universitetə qəbul olmaq mənim üçün sadəcə bir məqsəd deyil, həm də böyük bir sınaq idi. Bu yola çıxarkən çox əziyyətlər çəkdim – yuxusuz gecələr, yorucu günlər, sonsuz təkrarlar… Amma heç dayanmadım. Nəhayət, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinə qəbul oldum. O an anladım ki, bu uğur zəhmətimin nəticəsidir və bu, mənim üçün böyük bir qürur idi.
Universitetin ilk günləri həyəcanlı və bir qədər qarışıq idi. Yeni mühit, tanımadığım insanlar, fərqli müəllimlər... Amma zamanla hər şey mənim üçün doğmalaşdı. Auditoriyalarda keçən müzakirələr, dərs aralarında gülüşlər, imtahan ərəfəsindəki gərgin anlar – bunların hamısı yaddaşımda silinməz izlər buraxıb.
Bu dörd il mənim üçün sadəcə təhsil dövrü olmadı. Burada həm də böyüdüm, dəyişdim, özümü tanıdım. Yeni dostlar qazandım, qərar verməyi, məsuliyyət daşımağı, müstəqil düşünməyi öyrəndim. Bəzən ailəmdən uzaqda olmaq çətin idi, amma onların dəstəyi ilə hər şeyin öhdəsindən gəldim.
Universitet həyatı mənə göstərdi ki, həyat dərsləri təkcə kitabdan yox, yaşanmış təcrübələrdən öyrənilir. Müəllimlərimizin səbir və sevgisi, bizə olan diqqətləri bu illəri daha da mənalı etdi. Onlar yalnız bilik verən deyil, həm də yol göstərən insanlar idi.
İndi düşünürəm ki, bu illərin ən dəyərli tərəfi qazandığım insanlar, yaşadığım təcrübələr və öyrəndiyim həyat dərsləri idi. Zaman sürətlə keçdi, amma geridə qalan xatirələr ömür boyu ürəyimdə qalacaq. Universitet mənim üçün sadəcə bir bina deyil – onu yaşadan insanlarla, xatirələrlə mənalı bir həyat mərhələsidir".
Tələbə Səfurə Əhmədzadə: "Universitet həyatı mənim üçün çox fərqli və dəyərli bir mərhələ olub. Hazırda Bakı Slavyan Universitetində 4-cü kurs tələbəsiyəm və bu illər ərzində yaşadıqlarım, öyrəndiklərim yaddaşıma dərin izlərlə həkk olunub.
Başlanğıcda düşünürdüm ki, universitet sadəcə dərs oxumaqdır. Amma zaman keçdikcə anladım ki, burada insan təkcə bilik deyil, həm də özünü, həyatı və gələcəyini tanımağa başlayır. Dərs prosesindən əlavə, hər gün universitetə gəlib-getmək, mühazirələrdə iştirak etmək, təqdimatlar hazırlamaq – bunların hər biri məndə məsuliyyət hissini daha da gücləndirdi.
Xüsusilə imtahan dövrləri heç vaxt yadımdan çıxmaz. O gərgin günlər, gecələrə qədər oxumaq, artan həyəcan... Bəzən çətin olsa da, bu proses mənə iradə və özümə güvənməyi öyrətdi. Hər dəfə imtahanı uğurla verdikdə “mən bunu bacardım” hissi mənim üçün böyük bir motivasiya mənbəyinə çevrilirdi.
Universitet illəri mənə yalnız akademik bilik deyil, həm də daxili zənginlik qazandırdı. Bəzən bir müəllimin söylədiyi sadə bir cümlə məni uzun müddət düşündürürdü. Hətta dərsdənkənar mövzularla maraqlanıb onları araşdırırdım – bu isə dünyagörüşümün formalaşmasında mühüm rol oynadı.
Əlbəttə, bu illər təkcə oxumaqla keçməyib. Universitet həyatı elə bir mərhələdir ki, insan həm yorulur, həm də bir növ rahatlıq tapır. Yorucu dərslərin, stressli imtahanların fonunda çox dəyərli, bəzən isə sadə görünsə də unudulmaz anlar olur. Bir dərsdən sonra universitetin həyətində oturub səssizcə düşünmək belə insanın ruhunu sakitləşdirə bilir.
Bu illər ərzində mən həm öyrəndim, həm də dəyişdim. Daha yetkin düşündüm, daha dərindən hiss etdim. Deyərdim ki, universitet həyatı sadəcə bir təhsil mərhələsi deyil, insanın həyatında dərin iz buraxan, formalaşdırıcı bir zamandır. Bu illəri hər zaman minnətdarlıq və sevgi ilə xatırlayacağam.
Tələbə Zeynəb Qələndərli: "Universitet həyatı mənim üçün həm çətin, həm də zəngin bir təcrübə oldu. Müəllimlik ixtisasını seçmək sadəcə peşə deyil, həm də böyük məsuliyyətdir. Burada keçirdiyim illər mənə yalnız dərs oxumağı deyil, insanlarla düzgün ünsiyyət qurmağı, səbirli olmağı və başqalarını dinləməyi öyrətdi. Müəllim olmaq üçün təkcə biliyə sahib olmaq kifayət deyil, həm də tələbələrə qarşı anlayışlı və qayğıkeş olmaq vacibdir. Universitetdə müəllimlərimizin bizə verdiyi praktiki biliklər və həyat dərsləri bu sahədə uğurlu olmağıma kömək edir. İlk illərdə böyük həyəcan və qorxu ilə auditoriyaya girirdim, amma zamanla özümə inam qazandım. Hər imtahan, hər təqdimat məni daha da gücləndirdi. Müəllimlərin fədakarlığı və tələbələrə göstərdikləri diqqət məndə böyük hörmət yaratdı.
Tələbə yoldaşlarımla birlikdə keçirdiyimiz anlar isə həm gərgin, həm də unudulmaz oldu. Universitet həyatı mənə öyrətdi ki, səhvlərdən qorxmamaq və daim inkişaf etmək lazımdır. Burada qazandığım bilik və bacarıqları gələcəkdə tələbələrimlə paylaşmaq mənim üçün ən böyük hədəfdir. Hər gün yeni bir şey öyrənmək və bunu başqalarına ötürmək müəllimlik peşəsini daha da mənalı edir. Universitet mənim üçün həm təhsil, həm də şəxsi inkişaf yeri oldu. Bu illər sayəsində nəinki müəllim, həm də daha müdrik və məsuliyyətli insan oldum. İndi gələcəyə daha böyük ümidlə baxıram və müəllim kimi öz yolumu inamla davam etdirmək istəyirəm.
Müəllif: Günel Rəşadqızı
Bütün xəbərlər Facebook səhifəmizdə