“Optik eynəklər seçərkən nələrə diqqət etməli sualına gəldikdə, ilk növbədə onu qeyd edək ki, pasiyent müayinədən professional həkimin yanında keçsin”. Bunu SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru, oftalmoloq Şəhla Əsədova bildirib.
O bildirib ki, optik eynək seçərkən, eynəyin fotoxrom örtüklə örtülməsinə diqqət yetirmək lazımdır:
“Lakin burada əsas məsələ odur ki, eynəyi seçməzdən əvvəl, mütləq şəkildə peşəkar həkim müayinəsindən keçmək lazımdır.
Eynək satılan optik mərkəzlərdə eynək “yazdırmaq” olmaz, bu düzgün deyil.
Optik eynəyi təyin etmək üçün, xüsusi klinikalara üz tutmaq, xarici ölkəyə gedib ixtisaslaşan həkimlərin müayinəsindən keçmək lazımdır. Çünki burada xüsusi riyazi hesablamalar var. Amma bəzən həkimlər cihazlara baxmır, əlavə müayinə üsullarından keçirir ki, düzgün optik eynək yaza bilsin. Bu da olduqca vacibdir. Həkim müayinə edərkən mütləq astiqmat dərəcəsini, gözün nömrəsini düzgün seçməlidir. Optik eynək təyin edərkən fotoxrom, UV - günəşdən qoruyan örtük də təyin edirik. Bunun əsas səbəbi odur ki, eynək həm görmə eynəyi olsun, həm də gözü günəşdən qorusun. Bu gün qətiyyətlə deyə bilərəm ki, eynək yaza bilən həkim çox azdır. Həkim optik eynəyi o zaman yaza bilər ki, savadına, peşəkarlığına əmin olsun”.
Müəllif: Həmid Əhədli
Bütün xəbərlər Facebook səhifəmizdə