"Düzgün istiqamət verməməklə əlillik dərəcəmin kəsilməsinə gətirib çıxarıblar" - ŞİKAYƏTÇİ DANIŞDI
Birinci Qarabağ müharibəsi qazisi, 3-cü qrup əlil Elman Məhərrəmova 2016-cı ildə beş illik əlillik dərəcəsi təyin olunub. 2021-ci ildən ona təyin olunan əlillik haqqı dəfələrlə müraciət etməsinə baxmayaraq imtina edilib. Bu barədə şikayətçi redaksiyamıza şikayət ünvanlayıb.
Şikayətçi Elman Məhərrəmov deyib: "1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Bu döyüşlər zamanı ağır yaralanmışam və ciddi xəstəliklər tapmışam. 2010-cu ildən mənə əlillik dərəcəsi verilib. Buna baxmayaraq 2015-ci ildə ardıcıl olaraq beş il müayinədən keçmişəm, sübut kimi sənədlərim də var. Nazirlik də, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də bilir. 2016-cı ildə beş illik əlillik dərəcəsi təyin olunub. 2021-ci ildə xəstəxanalarda yatsam da, səhv yönəltmələr nəticəsində İcbari Tibbi Sığortanın nəzdində olan xəstəxanalarda yatsam da, dəfələrlə mənə imtina gəlib. Üç dəfə imtinadan sonra məcburiyyət qarşısında qalıb Gəncə şəhər İnzibati Məhkəməsinə müraciət etmişəm. İnzibati Məhkəmənin hakimi Emin Axundov mənim tələbimi müdafiə edərək əlillik dərəcəmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoymağına baxmayaraq qərardan şikayət vermiş və qismən ləğv edilərək İnzibati Məhkəməyə göndərilmişdir. Əsas da onu çıxarıblar ki, guya, iddia müddətini ötürmüşəm. Bir il məhkəmə araşdırma aparandan sonra iddia müddətini ötürmək elə başa düşürəm ki, Nazirlik tərəfindən məhkəmələrə olan təzyiqdir. Məhkəmələr müstəqil olduğu halda məhkəmələrə təzyiq göstərirlər. Məhkəmə şəxsən özü qərar verəndə dedi ki, sizə bu əlillik haqqı düşür. Bütün reallıqlar olduğu halda bunlar məhkəmələrə təzyiq göstərirlər və qanunsuz olaraq dövlətimizin bu günü Prezidentimiz qazilərin tərəfini saxladığına baxmayaraq qazilərə qarşı haqsızlıq edirlər. Qeyri-qanuni olaraq qazilərin hüququnu pozaraq pensiyasını qəsdən dayandırırlar. Göstəriş olduğu halda yenə də onlar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Hərəkət məhdudluğu olan bir insan, ağır xəstə kimi bu vəziyyətdə mənim əlillik dərəcəmi kəsiblər və pis günə salıblar. Demək olar ki, dilənçi vəziyyətinə salıblar. Xahiş edirəm ki, Prezidentimiz bunu nəzərə alsın və onlar haqqında ölçü götürsün.
Biz köhnə meyarlarla əlillik dərəcəsi almışıq. Təzə meyarların bizə aidiyyəti yoxdur. Səhv yönəlmənin nəticəsində bizim əlillik dərəcəmizə imtina verilib. Qanunsuz olaraq ləngidilir, düzgün istiqamət verməməklə əlillik dərəcəmin kəsilməsinə gətirib çıxarıblar".
SİA mövzu ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinə sorğu göndərib.
Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi: "Daşkəsən rayon sakini Məhərrəmov Elman Hidayət oğlu əlillik vəziyyəti ilə bağlı 08.04.2021 və 28.11.2021-ci il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Əyani müayinə zamanı şəxsin hazırkı obyektiv vəziyyətinin əlillik təyinatına əsas verməməsi müəyyən edilib.
Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə