Harada yaşamasından asılı olmayaraq, vətənpərvərlik ruhu bütün azərbaycanlılara xasdır. Vətənindən minlərlə kilometr aralıda olan soydaşlarımız hər zaman Azərbaycanı layiqincə təmsil etməyə çalışırlar. Tarixi vətənlərinin hüdudlarından çox-çox uzaqlarda böyümüş gənc nəslin ona bütün ruhu ilə bağlı olması halları xüsusilə sevindiricidir. Bu baxımdan Finlandiyada yaşayan 19 yaşlı həmyerlimiz Mona Savocifar qəlbimizi qürur hissi ilə doldurur.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Mona müsahibəsində Finlandiyanın təhsil naziri ilə görüşündən, “The Voice of Finland” müsabiqəsi barədə və öz arzusundan danışıb.
- Mona, gənc yaşınıza baxmayaraq, artıq bir çox nailiyyətiniz var. Bildiyimə görə, siz Finlandiyanın üç ən yaxşı liseyindən birini bitirmisiniz. Təhsil aldığınız müddətdə doğma Vətəni necə təmsil edə bildiniz?
-Doğrudur, mən Etelä-Tapiola liseyini bitirmişəm. Azərbaycanı çox sevirəm və hər zaman ölkəmi təkcə liseydə deyil, ondan kənarda da təmsil etməyə çalışmışam. Finlandiyada keçirilən Mədəniyyət Günlərində hər bir tələbə öz ölkəsini təmsil edirdi. Azərbaycanı təmsil edərək milli paltar geyindirdim, hər kəsi paxlavaya qonaq edirdim, “Sarı gəlin” və “Şuşanın dağları” musiqisi sədaları altında rəqslər təqdim edirdim. Müəllimlər və dostlar ölkəmizdən məmnun idilər, çoxları hətta Azərbaycana gəlmək istəyirdilər.
Mən də Helsinkidəki Azər-Türk gənclər təşkilatının fəal üzvüyəm. Tədbirlərə qatılıram, mahnılar oxuyuram və təşkilatçılıq işinə kömək edirəm. Finlandiyada yaşayan gənclər üçün WhatsApp qrupları yaratmışam və 2023-cü ildə Diaspor Yay Düşərgəsinin fəal iştirakçısı olmuşam. Ümumiyyətlə, mən həmişə gənclərə nümunə olmağa, ölkəmi layiqincə təmsil etməyə çalışmışam.
Mən, həm də Xocalı faciəsi ilə bağlı “Küvalehti” qəzetində çap olunmuş geniş məqalə yazmışdım. O vaxt mənim cəmi 15 yaşım var idi.
-Xocalı faciəsi haqqında məqalə yazmaq fikri necə yarandı? Onu dərc etdikdən sonra hər hansı reaksiya ilə qarşılaşdınızmı?
-Qeyd edim ki, 44 günlük müharibədə hamımız çox narahat idik və mən Qarabağ həqiqətlərini Finlandiyaya çatdırmaq istəyirdim. Azərbaycan və Ermənistanın tarixi haqqında oxumağa başladım, Xocalı ilə bağlı materialları öyrəndim və həmişə fikirləşirdim ki, bir insan necə belə vəhşiliklərə qadir ola bilər. Diqqət etdim ki, Finlandiya mediası bu barədə susur. Hətta mənim tarix müəllimim də Xocalı haqqında heç nə bilmirdi. Sonra hərəkətə keçmək qərarına gəldim.
Finlandiyada ermənilərin çoxluğuna baxmayaraq, qorxmadım və həqiqəti çatdırmağa çalışdım. Bu, böyük bir səy tələb edirdi.
Məqalədə torpaqlarımızın 30 ilə yaxın dövrdə işğalından, ermənilərin vəhşiliklərindən bəhs etmişəm. Böyük rezonansa səbəb oldu. Materiallarım əvvəlcə geri qaytarılsa da, məktəb simpoziumunda çıxış edərək redaktorların diqqətini çəkə bildim. Bundan sonra gənclər şöbəsinin redaktoru mənə dəstək oldu və məqalə birinci səhifədə dərc olundu.
Bu, zəfər demək idi, çünki əvvəllər Finlandiyada Xocalı hadisələri haqqında heç kim bu qədər ətraflı yazmamışdı. Təbii ki, burada yaşayan ermənilər öz narazılıqlarını bildirdilər, amma mənim üçün bu, haqq işimin vacib olduğunun təsdiqi idi.
-Siz Azərbaycandan uzaq və fərqli bir ölkədə doğulub boya-başa çatmısınız. Vətənə bu qədər sevgini, vətənpərvərlik ruhunu haradan alırsınız?
-Anam Azərbaycandan, atam Cənubi Azərbaycandandır. Uşaqlıqdan valideynlərim məndə Vətənə məhəbbət hissi aşılayıb və mən ona həmişə bağlı olmuşam. Amma hesab edirəm ki, şüurlu vətənpərvərlik məhz 44 günlük müharibə zamanı formalaşıb. Gəncədə yaşayan qohumların, döyüş meydanında olan əsgərlərimizin, şəhid analarının narahatlığı aksiyaya ehtiyac olduğunu anlamağa səbəb oldu. Ona görə də Xocalı faciəsi haqqında məqalə yazmaq qərarına gəldim.
-Siz ekoloji məsələlərdə də fəalsınız. Bu barədə bizə ətraflı məlumat verin.
-Mən həmişə təbiətin mühafizəsi ilə bağlı müxtəlif tədbirlərdə fəal iştirak etməyə çalışmışam və ekologiyaya həsr olunmuş çoxlu layihələrim olub.
Liseydə ətraf mühit məsələlərində fəallığım və yüksək akademik göstəricilərim mənim o vaxt təhsil naziri olan Lie Anderssonla görüşə dəvət edilməyimə səbəb oldu. Həmin görüşdə verdiyim sualların onu o qədər təsirləndirdiyini görmək çox xoş idi ki, Finlandiya mediasında bu suallar manşetlərə çevrildi.
Mən hətta Finlandiya parlamentində, minlərlə insanın qarşısında ekologiya və iqlim dəyişikliyi mövzusunda çıxışlar etdim. Təbiəti qorumaq lazımdır, çünki o yox olarsa, biz də olmayacağıq.
-Bildiyimə görə, musiqi ilə maraqlanırsınız. Gözəl səsiniz var və pianoda ifa edirsiniz. Bundan əlavə, “The Voice of Finland” musiqi yarışmasında iştirak etmisiniz...
Bəli, düzdür. 2023-cü ildə “The Voice of Finland” müsabiqəsinin iştirakçısı oldum. Müsabiqədə iştirakım gözlənilməz oldu. Onun reklamına baxdıqdan sonra videolarımı göndərdim, amma çox da ümid etmirdim. Bir müddətdən sonra mənə zəng edib seçmə mərhələyə dəvət edildiyimi bildirdilər. Həmin vaxt yay tətilində Bakıda idim və müraciətimi çox bəyəndikləri üçün mənim üçün istisna təşkil edib onlayn tur verdilər.
Birinci mərhələdə “You Don't Own Me” mahnısını ifa etdim və münsiflər mənə tərəf döndülər. İkinci mərhələdə oxumaq məcburiyyətində deyildim: ən güclü iştirakçılardan biri kimi dərhal üçüncü tura vəsiqə qazandım, orada da qalib gəldim. Yarımfinala çıxmağı bacardım, orada TOP 4 finalçı siyahısına daxil oldum. Ancaq dördüncü mərhələ mənim üçün sonuncu oldu.
Təbii ki, bu müsabiqədə iştirak mənim üçün yeni təcrübə olmaqla yanaşı, həyəcanlı və gözəl hadisə idi.
Mən, həmçinin pianoda ifa edirəm. Musiqi mənim ruhumun bir hissəsidir, özünüifadə üsuludur. O, mənə təhsil və yaradıcılıq arasında balans tapmağa kömək edir.
-Planlarınızı paylaşın...
-Mənim həyat kredom insanlara kömək etməkdir. İndi Tibb Universitetinə daxil olmağa hazırlaşıram, həkim olmaq istəyirəm. Əlbəttə ki, musiqi ilə məşğul olmağa davam edəcəyəm.
-Söhbətə görə təşəkkür edirəm və bütün səylərinizdə böyük uğurlar arzulayıram!
Bütün xəbərlər Facebook səhifəmizdə