“Övladına nümunə elə valideynlərin özləridir” - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Hər bir valideynin öz tərbiyə üsulu, övladına yanaşma şəkli vardır. Ancaq psixologiyada, xüsusən valideyn-övlad münasibətlərində, uşaqların tərbiyəsində ümumi qəbul edilmiş bir neçə qaydalar vardır. İlk olaraq onu vurğulamaq lazımdır ki, övladına nümunə elə valideynlərin özləridir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.
Psixoloq bildirib ki, uşaqlar nəyisə sözlərlərlə deyil, görərək öyrənirlər: “Digər bir qayda ondan ibarətdir ki, valideynlər övladlarını hər hansı hərəkətinin və ya verilən tapşırığın yerinə yetirilməsindən aslı olaraq mükafat verməkdən, şərt qoymaqdan çəkinməlidirlər. Məsələn: dərslərini gec edən və ya tənbəllik edən, etmək istəməyən uşağa valideynlər bildirir ki, “dərslərini vaxtında bitir, səni sevdiyin əyləncə parkına aparaq” və s. Bunlar doğru yanaşma üsulu deyil. Zamanla artıq övlad özü də valideynlərə şərtlər qoymağa başlayacaqdır. Məsələn: tapşırıqlarımı yerinə yetirdim xoşladığım şirnilərdən al gətir mənə və s. kimi fikirlər, şərtlər səsləndirməyə başlayacaq və zamanla bu daha da artacaqdır.
Növbəti qızıl qaydalardan biri də, övladınıza dediyiniz sözləri, fikirləri doğru şəkildə ifadə etmək vacibdir. Fikirləri onun anlayacağı tərzdə və pozitiv yöndən izah etmək əsasdır. Bu həm valideyn-övlad münasibətlərinə müsbət təsir edəcək, həm də, onlarda özgüvən hissini artıracaqdır. Hər hansı səhvlərini izah edərkən də bu metoddan istifadə etmək olar. Məsələn: “sən yalan danışırsan!” əvəzinə “sən doğru danışmırsan” kimi ifadələrlə hər zaman neqativ tərəfi yox, pozitiv tərəfi vurğulamaq lazımdır. Belə olduqda uşaq da müsbəti etməyə, düşünməyə çalışır. Çünki, deyilən bütün sözlər uşaqların şüuraltısına belə desək, yazılır və valideynlərin bənzətmələri, onlar üçün seçdikləri bənzətmələr, geyimlər və s. onun əyninə, zehninə oturmağa başlayır. Valideynlər, bu bir neçə qaydanı tətbiq etsələr övladlarında və onlarla münasibətlərində yaranan dəyişiklikləri açıq-aydın müşahidə edəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə