“Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” adlı tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR
19 sentyabr 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Mərkəzində “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusuna həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili, Milli Məclisin “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”nin sədr müavini, “İnsan hüquqları” və “İntizam” komissiyalarının üzvü Hikmət Baba oğlu, millət vəkili, Milli Məclisin “Əmək və sosial siyasət”, “Ailə, qadın və uşaq məsələləri” komitəsinin və Hesablayıcı komissiyanın üzvü Rauf Əliyev, SƏS Media qrupunun rəhbəri Bəhruz Quliyev, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, rayon ərazisində fəaliyyət göstərən Neft-qaz Çıxarma İdarələrinin rəhbər şəxsləri, RİH başçısı yanında Şura üzvləri, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının üzvləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisələrin və Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri, müharibə veteranları və neftçilər iştirak ediblər.
Tədbirdən öncə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının və neft müəssisələrinin rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə “Abşeronneft” Neft-qaz Çıxarma İdarəsinin ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 2000 ədəd zeytun ağacı, 1000 ədəd qızılgül, 500 ədəd geran, 500 ədəd xirzantema əkilib.
Daha sonra tədbir iştirakçıları RİH-nin inzibati binasının birinci mərtəbəsində yerləşən Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək, qarşısına gül dəstələri düzüblər.
Tədbirin rəsmi hissəsində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra mövzu ilə əlaqədar video-çarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan millət vəkili, Milli Məclisin “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”nin sədr müavini, “İnsan hüquqları” və “İntizam” komissiyalarının üzvü Hikmət Baba oğlu vurğuladı ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş verib. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır. "Əsrin müqaviləsi"nin imzalanmasındankeçən 29 il müddət ərzində Ümummilli lider Heydər Əliyevin "Yeni neft strategiyası"nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilib. Azərbaycanın neft strategiyası çərçivəsində neft hasilatına başlanan vaxtdan bəri ölkədə hasilat prosesi sürətlə artmağa başlayıb.
“Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev çıxışndavurğuladı ki, qlobal iqtisadi böhranı əksər dünya ölkələrinin iqtisadiyyatına mənfi təsir etsə də, Azərbaycandan demək olar ki, yan keçmişdir. Bu, böyük nailiyyətdir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, o cümlədən, neft-qaz sektorunda qazanılmış uğurlar nəticəsində əldə edilib. Neft strategiyası çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın enerji təhlükəsizliyini tam təmin etməsinə, qonşu ölkələrin enerji daşıyıcıları ilə təchizatında əsas iştirakçılardan biri kimi mühüm rol oynamasına imkan yaradıb. Hazırda Azərbaycan dünyada regionun aparıcı dövləti kimi, həmçinin, Avropanın enerji təhlükəsizliyinintəmin edilməsində müstəsna əhəmiyyətə malik ölkələrdən biri kimi qəbul edilir.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov öz çıxışında bildirdi ki, 1994-cü il sentyabrın 20-də dünyanın qabaqcıl neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənilməsini nəzərdə tutan və tarixdə “Əsrin müqaviləsi” adını almış Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması Azərbaycanın neft-qaz sənayesinin inkişafında yeni səhifə açdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın tarix salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. "Əsrin müqaviləsi" ilə başlanan Azərbaycanın neft strategiyasının gerçəkləşdirilməsi ilə Azərbaycan dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapdı. Ölkənin digər sahələrinə də xarici investisiyaların sürətli axını başlandı və hazırkı inkişafın əsası təmin edildi.
Millət vəkili, Milli Məclisin “Əmək və sosial siyasət”, “Ailə, qadın və uşaq məsələləri” komitəsinin və “Hesablayıcı” komissiyanın üzvü Rauf Əliyev bildirdi ki, hazırda əldə etdiyimiz bütün uğurlarımızın başlanğıcı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qalibiyyətli neft strategiyası ilə qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası respublikamızın dövlət müstəqilliyinin mühüm təminatçısına çevrilməklə, ölkəmizdə azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına inteqrasiyanı təmin etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün beynəlxalq tribunalarda çıxışlarında, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə müsahibələrində dəfələrlə bəyan edib ki, ölkə iqtisadiyyatının inkişafına nail olmaq üçün zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan enerji resurslarının nəqlində diversifikasiyasiyasətini genişləndirməyə üstünlük verir. Avropanın enerji təminatı üçün nəzərdə tutulan layihələr istehlakçı və tranzit dövlətlərinin Avropaya inteqrasiya olunmasında böyük əhəmiyyət daşıyır. Bu gün Xəzər hövzəsində, Mərkəzi Asiyada hasil edilən karbohidrogenlərin Avropaya çatdırılmasınayönəldilən layihələr olduqca aktualdır. Həm zəngin karbohidrogen ehtiyatları, həm də əlverişli coğrafi imkanlarına görə, bu layihələrdə Azərbaycana aparıcı rol ayrılmışdır.
Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov çıxış edərək bildirdi ki, uzun müddət neft sənayesində çalışıb. Neftçilər hər zaman ulu öndər Heydər Əliyevin diqqət və qayğısını hiss etmişdilər. Heydər Əliyevin dəfələrlə Neft Daşlarına səfər edərək neftçilərlə görüşməsi onları işlərində daha da böyük nailiyyətlər qazanmağına həvəsləndirmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə getdikcə daha da qüdrətlənən dövlətimizin qazandığı bütün uğurlar üçün biz dünya şöhrətli siyasi xadim Heydər Əliyevə borcluyuq.
Yekun olaraq çıxış edən RİH başçısı Vasif İmanov qeyd etdi ki, sentyabrın 20-si Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramıdır. Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. Bu baxımdan 20 sentyabr tarixinin Ulu öndər Heydər Əliyevin Fərmanı ilə Neftçilər Günü kimi təsis olunması səbəbsiz deyil. Tam əminliklə demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Ümummilli Liderin bu gün artıq dillər əzbəri olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur tezisinin tarixi əhəmiyyətinə söykənərək deyə bilərik ki, bu saziş Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır.
Daha sonra RİH başçısı qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının zəfər təntənəsi bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilir. Bütün sazişlər üzrə neft-qaz əməliyyatları qrafikə uyğun olaraq, vaxtında və keyfiyyətlə yerinə yetirilir. Neft-qaz sənayemizin bütün nailiyyətləri Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edir. Azərbaycan bu gün möhtərəm Prezidentimizin müdrik rəhbərliyi altında misli görünməmiş sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. Ölkəmiz iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında ilk yerlərdən birini tutur. İndi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə ədalətli mövqeyinin təmin olunmasına, eləcə də, respublikamızda davamlı iqtisadi inkişafın bərqərar edilməsinə xidmət göstərən qlobal əhəmiyyətli irimiqyaslı layihələr, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlət proqramları həyata keçirilməkdədir.Azərbaycanın enerji diplomatiyasının uğurlarını bu gün tarixi Zəfərimizin yaratdığı reallıqları ardıcıl şəkildə həyata keçirməyimizdə görür və bundan böyük qürur hissi keçiririk.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxslərə Fəxri Fərmanlar və qiymətli mükafatlar təqdim olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə