"Yol hərəkəti haqqında qanunda düzəlişlərə ehtiyac var" - EKSPERT DANIŞDI

"Son zamanlarda narkotik və psixotrop maddələrin, az hallarda olsa da spirtli içkinin təsiri altında sürücülərin taksi fəaliyyəti ilə məşğul olması hallarına rast gəlinir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, bu kimi hallar sosial şəbəkələrdə yayıldıqda Dövlət Yol Polisi müəyyən tədbirlər həyata keçirir, nəzarətə götürülür və lazımi addımlar atılır: "Bəs, üzdə görünməyən, sosial şəbəkələrdə yayılmayan bu kimi vəziyyətlərdə nə etməliyik? Bununla bağlı Azərbaycan Respublikasının Yol Hərəkəti haqqında qanunda əlavə və düzəlişlərə ehtiyac var. Xüsusilə də sürücülərin işə qəbulu zamanı işə götürən şirkətlər və müəssisələr tərəfindən mütləq müəyyən nəzarət mexanizmi, təftiş komissiyası tətbiq etməlidir".

Ekspert sözlərinə davam edərək bildirib ki, işə götürən müəssisələr sürücülərin gündəlik səhhəti ilə maraqlanmalı, tibbi göstəricilərini nəzarətdə saxlamalıdır: "O cümlədən, psixotrop maddələrin və alkoqollu vasitələrin istifadəsinə dair nəzarət olmalıdır. Amma belə halların yaşanması onu göstərir ki, işə götürənlərin sürücülər üzərində heç bir real nəzarəti yoxdur. Sürücülər onlayn sistemlə işə qəbul olunur. İşə qəbul olunarkən onlardan sadəcə bank kartı, sürücülük və şəxsiyyət vəsiqəsi tələb olunur. Digər meyarlar isə nəzərə alınmır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə