Düşmənlə onun anlayacağı dildə danışmalıyıq - ŞƏRH EDİLDİ

"Torpaqlarımıza qarşı olan erməni təxribatları göstərir ki, Ermənistan tərəfi hələ də nə Vətən müharibəsinin nəticələrindən, nə də bu müharibədən sonra keçən ilin sonunda Qarakilsə istiqamətində baş verənlərdən doğru-dürüst nəticə çıxarmayıb". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu düşmən təxribatları törədilən mövqelərə qarşı daha ciddi tədbirlər görməlidir: "Onsuz da Azərbaycanın 7 kəndi hazırda Qazax istiqamətində işğal altındadır. Düşmənin atəşkəs rejimini pozmasına qarşı biz də ordumuz tərəfindən bir qədər təsirli tədbirlər həyata keçirməliyik.

Ədalət Verdiyev sözlərinə belə davam edib: "Hesab edirəm ki, həmin Qazaxın kəndlərindən hər atəşkəs pozulmasında birini azad etməli və həmin kənddə bayrağımızı qaldırmalıyıq. Buna görə heç kim Azərbaycanı nə qınaya bilməz, nə də buna görə Azərbaycana gözün üstə qaşın var deyə bilməz. Görünür bizə qismət olan düşmən normal dillə danışıqlar yolu ilə problemin həllində maraqlı deyil. Buna görə də biz müharibədə məğlub etdiyimiz, əzib keçdiyimiz düşmənlə onun anlayacağı dildə danışmalıyıq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə