Birliyimiz hər bir hədəfə yüksək səviyyədə çatmağımızı təmin edir

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Dekabrın 2-də YAP Xətai rayon təşkilatı 8 noyabr küçəsi 84 A ünvanında yerləşən ərazi partiya təşkilatında hesabat-seçki yığıncağını keçirib. Hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qiymətləndirilib.

Yığıncaqda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müstəqilliyinin yenidən bərpasının 30 ilini arxada qoyan Azərbaycanın dünənini bu günü ilə müqayisə edərək bu fikri xüsusi qeyd edib ki, artıq ərazi bütövlüyünü təmin edən qalib ölkənin vətəndaşlarıyıq: “Bu qalibiyyət harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi yaradır. 2021-ci il tariximizə quruculuq ili kimi yazılacaq. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. Məqsəd 30 il torpaq həsrəti ilə yaşayan və bu günü səbirsizliklə gözləyən soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir. Ondan sonra həmin ərazilərdə yeni həyat başlayacaq. Digər regionlarımız kimi, işğaldan azad edilmiş ərazilərimizin də malik olduğu iqtisadi imkanlardan səmərəli istifadə etməklə ölkə iqtisadiyyatının dayanıqlığı təmin olunacaq.”

Vüqar Rəhimzadə qeyd edib ki, qələbələr, zəfərlər partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası bu gün bütün

səylərini yeni reallıqların diktə etdiyi vəzifələrin icrasına istiqamətləndirib: “Daim Azərbaycanı ən yüksək zirvələrdə görmək istəyən ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev zamanın tələblərinə uyğun kompleks islahatlar həyata keçirərək ölkəmizi Ümummilli Liderin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldir. Görülən işlərə, nəzərdə tutulan layihələrin icrasına öz töhfələrini verən Yeni Azərbaycan Partiyasının 29 ildə keçdiyi yola nəzər saldıqda da hədəflərini zamanın tələblərinə uyğun müəyyənləşdirdiyini və zamanında tam reallaşdırdığını görərik. Vaxtilə “Yeni Azərbaycan uğrunda” devizi ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası artıq bu gün yeni hədəflərə doğru inamla irəliləyir”.

Son prezident seçkilərindən bu günədək ölkəmizin həyatında baş verən yeniliklərə, Yeni Azərbaycan Partiyasının qəbul etdiyi qərarlara, irəli sürdüyü təşəbbüslərə, reallaşdırdığı layihələrə bir daha diqqət yönəldən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşərək qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olacağıq. 44 günlük İkinci Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz sayəsində 30 ilin işğalına son qoyub ərazi bütövlüyümüzü təmin etməyimiz bunun təsdiqidir.

Sonra hesabat seçki-yığıncağında təşkilati məsələyə baxılıb.

Bəylər Bəylərov 8 noyabr küçəsi 84 A ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Babək Zəfərov isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkibə fəaliyyətlərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...