"Texnofest-2021" festivalının əhəmiyyəti və mahiyyəti nədən ibarətdir? - HƏRBİ EKSPERT AÇIQLADI

“Texnofest-2021” festivalı Azərbaycan HHQ-nin yüksək peşəkarlığa malik olduğunu bir daha sübut etdi. Təyyarəçilərimizin nümunəvi uçuşları ordumuzun qüdrətinin və yenilməzliyinin təcəssümüdür. Bildiyiniz kimi, Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Texnofest-2021” festivalındakı aviaşouda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri uğurla iştirak etməkdədir. Təyyarəçilərimizin MİQ-29 qırıcıları vasitəsi ilə həyata keçirdiyi uçuşlar hərbi mütəxəssislər tərəfindən böyük maraq və heyrətlə qarşılanıb. Bu uçuşlar Azərbaycan ordusunun, Hərbi Hava Qüvvələrinin peşəkarlığından, ordumuzun qüdrətindən və yenilməzliyindən xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, müasir dünyamızda Hərbi Hava Qüvvələrinin yeri və rolu sürətlə artmaqdadır: "Bu gün müharibələrin taleyini müasir raket sistemləri ilə yanaşı, həm də Hərbi Hava Qüvvələri, hərbi aviasiya və hərbi təyyarəçilərin peşəkarlığı həll edir. Sevindiciridir ki, Azərbaycanın Hərbi Hava Qüvvələri bu baxımdan sadəcə regionda deyil, bütün dünyada ən qabaqcıl sıralarda yer alıb. 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri, qoşun növləri ilə yanaşı, həm də Hərbi Hava Qüvvələrinin gücünü əyani şəkildə ortaya qoydu".

"Hərbi Hava Qüvvələrimizin “Texnofest-2021” festivalında iştirakı həm hərbi aviasiyamızın qüdrətinin nümayişi, həm də təyyarəçilərimizin öz təcrübəsini, peşəkarlığını daha da artırması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki hər bir hərbçi, hər bir ordu, hər bir qoşun növü məhz hərbi təlimlər, festivallar vasitəsi ilə öz peşəkarlığını artırır, yeni bacarıqlar əldə edir. Bundan başqa, bu cür festivallar, təlimlər hər hansı bir qoşun növünün, hərbi birliyin güc və səriştəsini digər dövlətlərin müvafiq hərbi birləşmələri ilə paralel müqayisə şəklində qiymətləndirmək imkanı yaradır. Bu baxımdan Hərbi Hava Qüvvələrimizin “Texnofest-2021” festivalında iştirakını müsbət qiymətləndirirəm və hesab edirəm ki, gələcəkdə də ordumuz bu kimi festivallarda iştirakını davam etdirməlidir".

Cəlil Xəlilov sözlərinə belə davam edib: "44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusu tərəfindən darmadağın edilən, fəqət buna baxmayaraq bu gün də müxtəlif təxribatlara əl atan Ermənistan bu festivaldan, Hərbi Hava Qüvvələrimizin “Texnofest-2021” festivalında sərgilədiyi yüksək peşəkarlıqdan dərs çıxarmalı, təxribatlardan çəkinməlidir. Rəsmi İrəvan anlamalıdır ki, Azərbaycanla hərbi müstəvidə yeni bir toqquşma Ermənistanın bir dövlət kimi sonu ola bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə