Taleh Bağırzadə ilk öncə vicdanı qarşısında cavab verəcək! ANALİTİK

Nardaran hadisələri xarici qüvvələrin Azərbaycana qarşı tədbiq etmək istədiyi uğursuz oyundur

Uzun illərdən bəri Azərbaycanda dini və məzhəblərarası tolerantlığın mövcudluğu ilk öncə belə deməyə əsas verir ki, bu faktor bir sıra xarici qüvvələri, xüsusilə din və məzhəb pərdəsi altında fəaliyyət göstərən tərəfləri ciddi şəkildə narahat edir. Hətta bununla bağlı aşkar şəkildə radikal çağırışlar edilir, inanclı kəsim itaətsizliyə dəvət olunur. Bütün bunların arxasında dayananlar isə bilavasitə öz siyasi baxışlarını Azərbaycanda tədbiq etməyə cəhd göstərən, digər maraqlarını reallaşdırmağa çalışan güclərdirlər. Çünki o da sirr deyil ki, inanclı kəsimin məhz cahil, savadsız təbəqəsini öz siyasi alətlərinə çevirənlər "dini alim" obrazına girərək, nökərçilik etdikləri xarici ağalarının buyruqlarına təzim, yaxud biət etməklə öz niyyətlərini həyata keçirirlər.

Taleh Bağırzadə bu qədər cürətli və mübariz adamıydısa, bir güllə də ona dəyərdi və öz təbirincə "şəhid" olardı!

Məhz Nardaranda baş verən qanlı hadisə də bu sıradandır. Daha dəqiq desək, ölkədə dini ibadətlərin normal şəkildə, heç bir əngəl olmadan reallaşdırıldığı bir halda nədənsə digər yerlərdə deyil, məhz Nardaranda "narazılıqların" baş qaldırması və hadisələr fonunda Taleh Bağırzadə adlı "hacının" rəhbərliyi ələ alması özü-özülüyündə bəzi suallar doğurur. Bu şəxs həbsdən azadlığa çıxdıqdan sonra özünü "mübariz islamçı", "Müsəlman birliyi"nin icma rəhbəri kimi nümayiş etməyə davam edib və ona ağaları tərəfindən verilən təlimatları yeni ampluada – daha radikal şəkildə icra etməyə başlayıb. Halbuki İslam dinində bu barədə kifayət qədər dəlillər var ki, onlardan biri dəAllahın (c.c.) verdiyi hər bir nemətə şükr etmək, eyni zamanda, dövlətinə, Vətəninə, xalqına qarşı hər hansı bir təhlükə yaranarsa onu müdafiə etməkdir. Hətta canından, qanından keçərək şəhid belə olmalısan. Ancaq buyrulmayıb ki, kiminsə siyasi və s. maraqlarını icra etməkdən ötrü, dövlətin maraqlarını qurban vermək üçün qan tökməli, qarışıqlıqlar yaradaraq fitnələr törətməli, insanların həyatını təhlükəyə atmalısan. Yəni bu nə dinimizdə, nə də imanda var.

Həccə gedib "hacı" adını qazanmaq heç də uca Allaha yaxınlaşmağın göstəricisi deyil. İnsan ilk növbədə öz əməlləri, ictimai rəy arasındakı fəaliyyəti ilə bu ada layiq olduğunu sübuta yetirməlidir. Məhz "hacı" Taleh Bağırzadə qondarma hacılığı, "üləmalığı" ilə Nardaranda baş verən qanlı hadisələrin fonunda qeyd edilən müsbət əməllərə sahib olmadığını isbatladı. Sual olunur, nəyə görə sənin həmin hadisələr fonunda burnun belə qanamadı? Ancaq iki polis əməkdaşı qəhrəmancasına şəhid oldu. O cümlədən, Nardaran kəndində cahilliklərindən, bilgisizliklərindən istifadə etdiyin şəxslər də həyatlarını itirdilər. Taleh Bağırzadə bu qədər cürətli və mübariz adamıydısa, gizləndiyi yerdən ortaya çıxardı. Açığını deyim – bir güllə də ona dəyərdi və öz təbirincə "şəhid" olardı! Ancaq olmadın və demək, sənə ölmək sərf etmir və sən əslində qorxağın təkisən! Həyatın təhlükəyə düşəndə nə Allah nə də ki, iman tanıyırsan. Bunun da bir sübutu, bir təsdiqi var əslində…

Bu şəxs yalnız söyüş söyəndə Azərbaycan dilində danşdığını etiraf edən Leyla Yunusu və əsgərlərimizə "qoy cəhənnəm olub daha çox qırılsınlar" deyən Dinara Yunusu müdafiə edir…

"Mübarizəmiz davam edir. Necə ki, həbsxanada davam edirdi, böyük zindanda da tam qətiyyəti ilə davam edir. Allahdan arzum budur ki, həbs olunanlar, hüquq müdafiəçiləri, xüsusilə qadınlardan Leyla Yunus, – demokratik baxışlı bir qadındır, xüsusilə islamçılar üçün o çox əziyyətlər çəkib, – onun tez zamanda azad olunmasını istəyirəm". Bu fikirləri də məhz və məhz Taleh Bağırzadə bu ilin yayında həbsxanadan çıxdığı zaman "Azadlıq Radiosu"na müsahibəsində demişdi. İndi isə gəlin görək, bu şəxsin azadlığıa çıxmağını arzuladığı Leyla Yunus kimdir! Bu həmin Leyla Yunusdur ki, yalnız söyüş söyəndə Azərbaycan dilində danışdığını bəyan etmişdi. Bu həmin Leyla Yunusdur ki, dəfələrə düşmən Ermənistana səfərlər edib, adı erməni hüquq müdafiəçiləri ilə bir yerdə çəkilib, onlarla bir qabdan su içib, bir qazandan da çörək yeyib, Azərbaycanın maraqlarını satmaqla məşğul olub. Bu həmin Leyla Yunusdur ki, həbs olunanduğu ərəfələrdə onun qızı Dinara Yunus Vətən uğrunda canlarını qurban vermiş əsgərlərimizə, şəhidlərimizə "qoy cəhənnəm olub daha çox qırılsınlar" mesajını yollamışdı. İndi gəlin müqayisə edək və nəticə çıxaraq ki, "islamçıların əziyyət çəkdiyi" Leyla Yunus nəyə görə Taleh Bağırzadə üçün bu qədər önəmli şəxsə çevrilib.

İran TV-də azərbaycanlı şiə (!) soydaşlarımız təhqir olunarkən, "hacı" Talehin niyə səsi çıxmadı?

Bu gün kimsəyə sirr deyil ki, qoşu İranda soydaşlarımıza qarşı müəəyyən haqsızlıqlar baş qaldırır. Məhz şovinist üsullarla panfarsizm siyasəti yürüdən siyasiləşmiş, din və məzhəb pərdəsi altındakı qondarma ayətulahlar soydaşlarımız təhqir olunduqları zaman səslərini belə çıxarmırlar. Halbuki, soydaşlarımız da eyni dindən, eyni məzhəbdəndirlər. Yaxın zamanlarda baş vermiş məlum faktı xatırlayaq. İran televiziyasında azərbaycanlıları təhqir edən verliş yayımlandı. Həmin verliş Ermənistan televiziyalarında da xəbərlər sırasında yer aldı. Bütün dünya azərbaycanlıları bu təhqirə görə öz etiraz səslərini ucalltdılar. Hətta İranın bir neçə şəhərlərində etiraz səslərini ucaldan və nəticədə polislər tərəfindən öldürülən soydaşlarımız da oldu. Və nəyə görəsə "din uğrunda mübariz" donunu geyinmiş Taleh Bağırzadənin həmin məsələ ilə bağlı cınqırı belə çıxmadı, niyə, hansı səbəblərə görə, kimin göstərişinə əsasən, hansı maraqları baxımından?! SUALIN CAVABI BU QƏDƏR BƏSİTDİR!

ATV və İTV jurnalistləri döyülüb təhqir olunduqları halda "Azadlıq Radiosu", "Meydan tv", "Azadlıq" qəzeti kimi media qurumlarınn başından bir tük belə əksik olmayıb

Daha bir məqama da diqqət yetirək. Nardaranda baş verən olayları işıqlandırmaq üçün öz peşə fəaliyyətlərini yerinə yetirən ATV və İTV-dəki həmkarlarımızın başıpozuq cinayətkar dəstə tərəfindən hücumlara məruz qalmaları, döyülmələri amili də diqqətdən yayınmamalıdır. Xüsusilə, televiziya ekranlarından da gördüyümüz kimi, Nardaran əhalisinin ağsaqqalları gözləri qızmış cinayətkarların qarşısına çıxaraq, jurnalistlərə qarşı vəhşilik etməməyi, onların kənddən çıxmalarına şərait yaratmalarını istəyib. Fəqət, ağsaqqalın sözünü yerə salan həmin dəstələr görünür xaricdəki ağalarının sözlərini daha üstün tutaraq, çirkin niyyətlərini həyata keçiriblər.

Bu arada, nədənsə ATV və İTV jurnalistlərinə qarşı düşmənçilik mövqeyi sərgiləyən başıpozuq kütlə qəsəbə içində "Azadlıq Radiosu", "Meydan tv" kimi müxalifətyönlü (əslində onların özləri kimi xarici dairələrə satılan-R.N.) media orqanlarının fəaliyyətlərinə şərait yaradıblar. ATV və İTV jurnalistləri döyülüb təhqir olunduqları halda "Azadlıq Radiosu", "Meydan tv", "Azadlıq" qəzeti kimi media qurumlarınn başından bir tük belə əksik olmayıb. Sual: nəyə görə?! Digər media orqanlarının hadisələri doğru şərh etdiklərinə, bu media orqanlarının isə onlara verilmiş təlimatları yerinə yetirdiklərinə görəmi? Çox yəqin ki, bu sualın da cavabı var və göz önündədir…

Hacı Şahin Həsənli: "Hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silah qaldırılması yolverilməzdir və bununla bağlı birmənalı mövqe ortaya qoyulmalıdır"

Onu da qeyd etmək yerinə düşərdi ki, ölkəmizdə fəaliyyət göstərən və kifayət qədər nüfuzları olan din adamları da Nardaran hadisələri ilə bağlı öz mövqelərini bildiriblər. Məsələn, Nardaran hadisələrinə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli deyib ki, belə bir vəziyyətdə nardaran əhalisi ayıq-sayıq olsunlar, hər hansı xarici dövlətin, xarici qüvvələrin təhriki ilə Azərbaycanda dini dövlətə qarşı qoymaq cəhdlərinə qətiyyətlə yox desinlər. O, bildirib ki, din-dövlət münasibətlərinin möhkəm təməllər üzərində qurulması vacibdir, Azərbaycan isə nadir ölkələrdəndir ki, burada tarixən din, məzhəb zəminində qarşıdurma olmayıb: "Belə şəraitdə Azərbaycanda bu sabitliyi pozacaq hər hansı əməldən çəkinmək lazımdır. Kiminsə kimdənsə narazılığı varsa da, məsələlər mütləq qanun çərçivəsində həllini tapmalıdır".

Şahin Həsənli həmçinin bildirib ki, Nardaranda baş verən hadisə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açılıb, günahsız insanlar ölüb: "Bunun kim tərəfindən və hansı məqsədlə edilməsindən asılı olmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silah qaldırılması yolverilməzdir və bununla bağlı birmənalı mövqe ortaya qoyulmalıdır".

Göründüyü kimi, hər hansı xarici qüvvələrin Azərbaycanda qarmaqarışıqlıq salması onların çoxdankı arzulardır. Lakin dinindən, məzhəbindən asılı olmayaraq, bu ölkədə yaşayan istənilən şəxsin ilkin mövqeyi dövlətçilik maraqlarını müdafiə etməkdəir. Əgər dövlətçilik mövqeyini arxa plana keçirib, onun yerinə düşmənçilik, dövlətçiliyə xəyanət mövqeyi olacaqsa, burada söz bitir. Onun yerinə qanun danışır!

Taleh Bağırzadə kimi din dəllalları, eyni zamanda Dəccalları qanun qarşısında mütləq cavab verməli olacaqlar

Biz inanırıq ki, əslində Nardaranda baş verən qanlı olayı heç sadə nardaranlılar da arzulamırlar. Təəssüf ki, bəzi cahilləri, dini cəhətdən avam təbəqəni "savab əməllər", "İslam uğrunda cihad" kimi aldadıcı manevrlərlə tərəflərinə çəkən Taleh Bağırzadə kimi din dəllalları, eyni zamanda Dəccalları qanun qarşısında mütləq cavab verməli olacaqlar. Həm qanun, həm də Allah qarşısında. Habelə, varıdırsa vicdanı qarşısında da! İlk növbədə tökdürdükləri qanlara görə. Çünki hara yazırlarsa yazsalar belə, şəhid olan polislərimizin, o cümlədən onların badına həyatlarını itirən insanların, onların ailələlərinin ağısı birbaşa qondarma "hacı" Talehin və onu bu yola sövq edən, siyasətlərini din, məzhəb pərdəsi altında yürüdən ayətullahların payına düşür...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə