"Şuşa beynəlxalq irsin qorunması və inkişafı üçün vacib məkandır" - POLİTOLOQ DANIŞDI

"Şuşa beynəlxalq irsin qorunması və inkişafı üçün vacib məkandır" - POLİTOLOQ DANIŞDI

"Şuşada beynəlxalq tədbirlərin mütəmadi xarakter alması əslində şəhərin beynəlxalq münasibətlər sistemində qazandığı yeni funksiyanı nümayiş etdirir. Əgər əvvəllər Şuşa əsasən Azərbaycanın mədəniyyət paytaxtı kimi tanınırdısa, bu gün o, müxtəlif dövlətləri, beynəlxalq təşkilatları, ekspert dairələrini və mədəniyyət nümayəndələrini bir araya gətirən dialoq platformasına çevrilməkdədir. Bu tendensiya şəhərin regional və qlobal gündəmdə mövqeyini gücləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq kommunikasiya imkanlarını da genişləndirir.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, müasir dövrdə qlobal tədbirlərə ev sahibliyi etmək, beynəlxalq fikir mübadiləsinin təşkil olunduğu məkanlar yaratmaq və müxtəlif platformalarda dialoqa şərait formalaşdırmaq ölkələrin yumşaq güc resurslarının mühüm tərkib hissəsinə çevrilib:

"Şuşanın məhz bu istiqamətdə inkişaf etməsi Azərbaycanın mədəni irsinin beynəlxalq auditoriyaya təqdim olunması ilə yanaşı, ölkənin təşəbbüskar və konstruktiv tərəfdaş imicinin möhkəmlənməsinə xidmət edir.

Şuşada keçirilən beynəlxalq forumlar, konfranslar və mədəni tədbirlər həm də şəhərin yeni inkişaf modelinin formalaşdığını göstərir. Bu model tarixi irsin qorunmasına, onun müasir beynəlxalq əməkdaşlıq mexanizmləri ilə uzlaşdırılmasına əsaslanır. Belə yanaşma Şuşanı keçmişin simvolu olmaqdan çıxararaq gələcəyə yönəlmiş regional əməkdaşlıq məkanına çevirir. Burada keçirilən tədbirlər müxtəlif ölkələrin nümayəndələri arasında fikir mübadiləsini təşviq etməklə yanaşı, regionun iqtisadi, humanitar və mədəni potensialının daha yaxından tanınmasına da imkan yaradır.

Bu prosesin digər mühüm tərəfi beynəlxalq ictimaiyyətin Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma və inkişaf layihələrini birbaşa müşahidə etmək imkanı əldə etməsidir. Xarici qonaqların və beynəlxalq ekspertlərin Şuşaya səfərləri şəhərdə aparılan bərpa işlərinin, infrastruktur layihələrinin və mədəni irsin qorunması istiqamətində görülən tədbirlərin daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır. Bu isə öz növbəsində gələcək investisiya, turizm və humanitar əməkdaşlıq perspektivlərinin genişlənməsinə müsbət təsir göstərə bilər.

Eyni zamanda, Şuşanın beynəlxalq tədbirlər məkanına çevrilməsi Cənubi Qafqazın yeni geosiyasi reallıqları fonunda da xüsusi əhəmiyyət daşıyır. Regionda iqtisadi inteqrasiyanın, nəqliyyat əlaqələrinin və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan müzakirələrin məhz Şuşada keçirilməsi şəhərin strateji çəkisini artırır. Bu, Azərbaycanın regional gündəliyin formalaşmasında fəal iştirakını nümayiş etdirən mühüm amillərdən biri kimi qiymətləndirilə bilər.

Ümumilikdə, Şuşanın qlobal tədbirlərin keçirildiyi nüfuzlu platformaya çevrilməsi şəhərin beynəlxalq statusunu yeni məzmunla zənginləşdirir. Bu proses mədəni irsin qorunması, diplomatik əlaqələrin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın yumşaq güc potensialının artırılması baxımından strateji əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə