“Azərbaycanla Ermənistan arasında sülh de-fakto artıq mövcuddur” - ŞƏRH

“Azərbaycanla Ermənistan arasında sülh de-fakto artıq mövcuddur” - ŞƏRH

“Ceyhun Bayramovun “Azərbaycanla Ermənistan arasında sülh de-fakto artıq mövcuddur” fikri, ilk növbədə, bölgədə hərbi qarşıdurmanın dayanmasına və tərəflər arasında münasibətlərin tədricən normallaşmasına işarə edir”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, son dövrdə sülh sazişinin mətninin böyük ölçüdə razılaşdırılması, sərhədlərin delimitasiyası istiqamətində əldə olunan nəticələr və birbaşa dialoqun davam etməsi göstərir ki, tərəflər artıq müharibə mərhələsindən siyasi nizamlanma mərhələsinə keçiblər:

”Bununla belə, hüquqi baxımdan yekun sülh sazişinin imzalanması hələ də mühüm əhəmiyyət daşıyır. Məhz bu sənəd münasibətlərin beynəlxalq hüquq müstəvisində tam rəsmiləşdirilməsini təmin edə və gələcək riskləri minimuma endirə bilər.

Bu açıqlamanın Moskvada Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında səsləndirilməsi də siyasi baxımdan diqqət çəkir. Bununla Azərbaycan bir daha nümayiş etdirir ki, sülh gündəliyi dəyişməz olaraq qalır və ölkə regional sabitliyin təmin olunmasında maraqlıdır. Eyni zamanda, rəsmi Bakı Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik modelinin yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşması ilə mümkün olacağını vurğulayır. Sülh prosesinin qalan mərhələləri də uğurla başa çatarsa, bu, nəqliyyat-kommunikasiya layihələrinin genişlənməsinə, iqtisadi əməkdaşlığın artmasına və bütövlükdə Cənubi Qafqazın daha sabit və proqnozlaşdırılan geosiyasi məkana çevrilməsinə mühüm töhfə verə bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə