"Müharibə gedə-gedə diplomatik yolla problemi həll etmək mümkün deyil” - DEPUTAT

"Müharibə gedə-gedə diplomatik yolla problemi həll etmək mümkün deyil”  - DEPUTAT

"Rusiya–Ukrayna müharibəsinin gedişatını izləyirəm və hesab edirəm ki, hazırda qüvvələrin nisbəti təxminən bərabərləşib".

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elmira Axundova bildirib.
Onun sözlərinə görə, Rusiya əvvəlki üstünlüyünü əhəmiyyətli dərəcədə itirib və cəbhədə böyük irəliləyişlər əldə edə bilmir:

"Ukrayna ciddi müqavimət göstərir, xüsusilə Donbas istiqamətində müdafiəsini davam etdirir və həmin ərazinin müəyyən hissələri hələ də Ukraynanın nəzarəti altındadır.

Eyni zamanda, tərəflər bir-birinə intensiv dron və raket zərbələri endirirlər. Vəziyyət olduqca ağırdır. Dinc insanlar həlak olur, yaşayış məntəqələri və infrastruktur dağıdılır. Müharibə çox ağır mərhələyə keçib. Buna görə də, bu münaqişənin nə qədər tez başa çatması hamımızın marağındadır.

Biz həm Rusiyada, həm də Ukraynada baş verən prosesləri izləyirik. Hər iki ölkədə soydaşlarımız yaşayır və onların da həyatını itirməsi bizi dərindən narahat edir. Xüsusilə Xarkovda azərbaycanlı gənc qızın həlak olması çox böyük faciə idi. Belə hadisələr hər birimizin ürəyini ağrıdır.

Diplomatik yolla həll olunacağına ümid edirdik. Hətta düşünürdük ki, ABŞ Prezidenti bu istiqamətdə ciddi nəticə əldə edə bilər. Lakin görünür ki, bu məsələ düşündüyündən qat-qat mürəkkəbdir. O, müharibəni dayandırmaq istəsə də, proses yalnız bir dövlətin iradəsindən asılı deyil. Diplomatik həll çətin və uzun yoldur. Ən azı əvvəlcə atəşkəs əldə olunmalıdır ki, danışıqlar üçün real şərait yaransın. Müharibə davam etdiyi müddətdə isə diplomatik həllin mümkün olacağına inanmıram.

Beynəlxalq təşkilatların roluna gəlincə, hesab edirəm ki, onların təsiri kifayət qədər deyil. Bu münaqişədə BMT, ATƏT və digər beynəlxalq qurumların real təsirini görmürəm. Əsas rolu böyük dövlətlər oynayırlar.

Biz bunu Azərbaycanın öz təcrübəsində də gördük. Azərbaycan–Ermənistan münaqişəsi ilə bağlı 30 il ərzində müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə danışıqlar aparıldı. Lakin həmin müddətdə problemin həllinə nail olunmadı. Buna görə də hesab edirəm ki, Rusiya və Ukrayna kimi böyük dövlətlər arasında davam edən müharibədə beynəlxalq təşkilatların həlledici rol oynayacağı real görünmür.

Məncə, müharibənin dayandırılması ilk növbədə tərəflərin, xüsusilə də böyük güclərin siyasi iradəsindən asılıdır. Əgər tərəflər insan itkilərinin qarşısını almaq istəsələr, o zaman müharibənin dayandırılması üçün real addımlar ata bilərlər. Əks halda, beynəlxalq təşkilatların bu prosesi təkbaşına həll edə biləcəyinə inanmıram".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə