"Milli mətbuatımız müasir dövrə uğurla uyğunlaşıb" - MEDİA EKSPERTİ

"Milli mətbuatımız müasir dövrə uğurla uyğunlaşıb" - MEDİA EKSPERTİ

"Azərbaycan mətbuatı bu gün XXI əsrin tələblərinə uyğun şəkildə fəaliyyət göstərir. Əlbəttə ki, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etməyə başlayarkən bugünkü inkişaf səviyyəsini təsəvvür belə edə bilməzdi.
Onun əsas məqsədi xalqı maarifləndirmək idi".

Bunu SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Media eksperti sözlərinə belə davam edib: "Həsən bəy Zərdabi istəyirdi ki, insanlar oxuyub-yazmağı öyrənsin, qəzet oxusun, dünyagörüşünü genişləndirsin və savadlı cəmiyyət formalaşsın. O dövrdə mətbuatın başlıca missiyası məhz maarifçilik idi.

Bu gün isə medianın missiyası daha da genişlənib. Artıq biz təkcə maariflənmiş cəmiyyətin formalaşmasına deyil, həm də informasiya cəmiyyətinin inkişafına xidmət edirik. Müasir media yeni texnologiyaların tətbiqi, operativ və etibarlı informasiya mübadiləsinin təmin edilməsi, cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində fəaliyyət göstərir. Məqsəd hər bir vətəndaşın informasiyaya sürətli və rahat çıxışını təmin etməkdir.

Sevindirici haldır ki, Azərbaycan mediası bu gün inkişaf baxımından yüksək səviyyəyə çatıb. Müasir texnologiyaların tətbiqi, rəqəmsal platformalardan geniş istifadə, müxtəlif xarici dillərdə fəaliyyət göstərən media resurslarının artması onu göstərir ki, Azərbaycan mediası dünyanın qabaqcıl media qurumları ilə rəqabət aparmaq imkanına malikdir.

Milli mətbuatımızın növbəti ildönümünü qeyd edərkən bu inkişafı qürur hissi ilə vurğulaya bilərik. Əminliklə demək olar ki, Həsən bəy Zərdabinin arzuları böyük ölçüdə gerçəkləşib. Bu gün Azərbaycanda demək olar ki, hər kəs - uşaqdan böyüyə qədər - media ilə gündəlik təmasdadır, xəbərləri izləyir, oxuyur, paylaşır və informasiya mühitinin fəal iştirakçısına çevrilib.
Bütün bunlar vaxtilə Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik ideyalarının müasir dövrdə uğurla davam etdirildiyinin ən gözəl göstəricisidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə