“Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir” - SƏDR
“Bizim iclasımız müstəqil Azərbaycanın taleyində dönüş yaratmış bir hadisənin ildönümü ərəfəsində keçirilir. İyunun 15-də xalqımız Milli Qurtuluş Gününü qeyd edəcək. Bu gün müasir tariximizdə müstəsna yer tutur”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar iclasda çıxışı zamanı deyib.
Sədr bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət sonra ciddi təhlükələrlə üzləşmişdi: “Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixin gedişini dəyişdirdi”.
O qeyd edib ki, Heydər Əliyev xalqın dövlətçilik iradəsini gücləndirərək müstəqil Azərbaycanın qorunub saxlanılmasına və inkişaf yoluna çıxmasına nail olub.
Sahibə Qafarova vurğulayıb ki, müasir Azərbaycan dövlətinin formalaşması və onun beynəlxalq nüfuzunun artması Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin davamıdır və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Sədr bildirib ki, torpaqların işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası bu siyasətin məntiqi nəticəsidir.
O əlavə edib ki, Milli Qurtuluş Günü yalnız tarixi hadisə deyil, həm də dövlətçilik ideyalarının, xalq-dövlət birliyinin və gələcək nəsillər qarşısında məsuliyyətin simvoludur.
Sahibə Qafarova çıxışında Milli Qurtuluş Günü münasibətilə dövlət başçısı və Birinci vitse-prezident Mehriban Əliyevayə Milli Məclis adından təbrik məktublarının ünvanlanmasını təklif edib.
O, sonda deputatları, qonaqları və media nümayəndələrini bayram münasibətilə təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB