"Quruculuq işləri üçün dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayrılıb" - Vüqar Bayramov

"Quruculuq işləri üçün dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayrılıb" - Vüqar Bayramov

Ulu Öndər Heydər Əliyevnin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi və iqtisadi həyatında mühüm dönüşün baş verdiyi bildirilib.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin növbədənkənar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, həmin dövrdə siyasi sabitliyin təmin olunması ilə yanaşı, iqtisadiyyatın bərpası istiqamətində sistemli islahatlara başlanılıb, liberal iqtisadi model formalaşıb və mülkiyyət münasibətləri yeni mərhələyə qədəm qoyub.

Vüqar Bayramov bildirib ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji sektorunda strateji mövqeyini gücləndirib və ölkəni beynəlxalq enerji təhlükəsizliyinin mühüm iştirakçısına çevirib.

Onun sözlərinə görə, aparılan islahatlar nəticəsində büdcə kəsiri 1993-cü ildəki 7,1 faizdən 2002-ci ildə 0,4 faizə enib, sosial xərclərin payı isə əhəmiyyətli dərəcədə artıb.

Deputat vurğulayıb ki, 2003-cü ildən sonra iqtisadi artım davamlı xarakter alıb, dövlət büdcəsinin gəlirləri və strateji valyuta ehtiyatları dəfələrlə artıb, xarici borcun ÜDM-də payı isə aşağı səviyyədə qalıb.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri üçün dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayrılıb və 85 minə yaxın vətəndaşın həmin bölgələrə qayıdışı təmin olunub.

Vüqar Bayramov əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası həm siyasi liderliyin, həm də güclü dövlət institutlarının nəticəsidir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə