"Sosial və iqtisadi əhəmiyyət ön plandadır" - ŞƏRH EDİLDİ

"Prezident İlham Əliyevin Ağdərə şəhərinin Baş planı ilə tanış olması Böyük Qayıdış proqramının tərkib hissəsidir və bunun dövlət siyasətinin bilavasitə strateji xətti kimi müəyyən olunması onunla bağlıdır ki, dövlətin iradəsi sürətli şəkildə bölgələri insan amili ilə zənginləşdirməkdir". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, bu, yalnız şəhərsalma və infrastruktur layihələri ilə məhdudlaşmır, həm də həmin ərazilərdə həyatın canlanması, iqtisadi fəaliyyətin genişləndirilməsi, sosial təminatın gücləndirilməsi və məskunlaşmanın davamlı şəkildə təşviqi ilə bağlıdır. Həyatın canlanması, istehsalın artması və məskunlaşmanın təmin olunması ilə yanaşı, keçmişdə müşahidə edilmiş təhlükələrin - insan resurslarından anormal istifadənin və ərazilərin qeyri-sabit vəziyyətinin - qarşısını almaq üçün tədbirlərin görülməsi də vacibdir.

Təbii ki, işğal dövründə də bu məsələyə vaxtında və güclü cavab verilməli idi. Yəni Ermənistan həmin əraziləri məskunlaşdıra bilsəydi və bir milyon ermənini ora gətirib yerləşdirsəydi, vəziyyət necə olardı? Bu, Azərbaycanın strateji siyasətinin insan amili üzərində qurulduğunu, bölgələrin gələcəkdə intensiv şəkildə insan resursları ilə zənginləşdirilməsinin dövlət üçün prioritet olduğunu göstərir. Həmin ərazilərdə bir milyona yaxın insanın yaşamasının təmin olunması yalnız məskunlaşma məqsədi daşımır, həm də sosial, iqtisadi və təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir.

2026-cı ilin tikinti-quruculuq ili elan olunmasının əsas məqsədi məhz budur - ən müasir yaşayış standartlarının tətbiqi və insanlara rahat, lüks həyat şəraitinin yaradılmasıdır. Eyni zamanda, bu proses zamanı tarixi və mənəvi keçmişə hörmət göstərilməli, bölgələrin kökləri və mədəni irsi unudulmamalıdır. Tikinti-quruculuq işləri sadəcə fiziki infrastruktur yaratmaq deyil, həm də regionların sosial və mədəni həyatının dirçəldilməsi, insanların həyat keyfiyyətinin yüksəldilməsi və gələcək nəsillər üçün dayanıqlı məskunlaşma mühitinin təmin edilməsidir.

Bu strategiya həm də dövlətin bölgələrdə davamlı inkişaf və əhalinin rifahının yüksəlməsi istiqamətindəki iradəsini ortaya qoyur və Azərbaycanın hər bir vətəndaşının təhlükəsiz, rahat və mənalı həyat yaşaya biləcəyi bir gələcək yaratmaq məqsədini əks etdirir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə