"Qəbələ zirvə görüşü Türk dünyası üçün mühüm hadisə oldu" - ŞƏRH EDİLDİ

"Hər şeydən əvvəl vurğulamaq istərdim ki, bu zirvə görüşünün keçirildiyi yerin — Qəbələnin seçilməsi diqqətəlayiqdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Qəbələ Azərbaycanın inkişaf etməkdə olan və öz potensialı ilə seçilən rayonlarından biridir: "Orda elə yüksək infrastruktur və şərait mövcuddur ki, belə səviyyəli beynəlxalq tədbirləri rahatlıqla keçirmək mümkündür. Həmçinin beynəlxalq hava limanının olması tədbir iştirakçılarının - prezidentlərin təyyarələrinin rahat iniş və qalxışını təmin edir.

Bununla yanaşı, Qəbələdə keçirilən bu zirvə görüşündə Türk Dövlətləri Təşkilatının bütün üzvləri ən yüksək səviyyədə təmsil olunmuşdu. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə prezidentləri tədbirdə iştirak etdilər. Digər üç müşahidəçi üzv — Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstan da ali səviyyədə təmsil olunmuşdu. Şimali Kiprdən prezident, Türkmənistandan ali lider, Macarıstandan isə baş nazir iştirak edirdi. Bu fakt göstərir ki, tədbir Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir.

Zirvə görüşündə 15 səhifəlik geniş bəyannamənin qəbul edilməsi qarşıdakı dövrdə Türk dövlətləri arasında inteqrasiyanın daha da sürətlənəcəyini göstərir. Prezident İlham Əliyevin çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı. Xüsusilə 2026-cı ildə Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq hərbi təlimlərin keçirilməsi ilə bağlı təklifi xüsusi diqqət çəkdi.

Bundan başqa, ortaq türk əlifbası ilə dərsliklərin nəşri, təşkilatın bayrağı altında kosmosa peyk göndərilməsi kimi məsələlər də bəyannamədə öz əksini tapdı. Eyni zamanda, təşkilatın əməkdaşlıq imkanlarının genişləndirilməsi və bizə yaxın digər dövlətlərin də bu birlikdə təmsil olunması istiqamətində yeni imkanların yaradılması vurğulandı.

Ümumilikdə, Qəbələdə keçirilən zirvə görüşü həm məzmun, həm də nəticələr baxımından zəngin və uğurlu bir tədbir oldu. Türk dünyası bu birliyi sevinclə qarşılayır, əlbəttə ki, sevinməyənlər də var — onların kimlər olduğu isə hamımıza yaxşı məlumdur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə