"Böyük Qayıdış Azərbaycanın inkişafı və regional sabitliyi üçün strateji əhəmiyyət daşıyır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Böyük Qayıdış proqramı Azərbaycanın son illərdə həyata keçirdiyi ən genişmiqyaslı və strateji əhəmiyyətli layihələrdən biridir. Bu təşəbbüs təkcə insanların doğma yurdlarına geri dönüşü deyil, həm də işğaldan azad olunmuş ərazilərdə tamamilə yeni bir həyat modelinin qurulmasını nəzərdə tutur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, dövlət tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işləri, infrastrukturun bərpası, müasir şəhərsalma prinsiplərinin tətbiqi və sosial-iqtisadi layihələrin icrası bölgənin gələcək inkişafı üçün möhkəm təməl yaradır: "Bu gün həmin ərazilərdə yollar, körpülər, elektrik və su təchizatı sistemləri, məktəblər, xəstəxanalar və yaşayış binaları sürətlə inşa edilir. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası bu ərazilərdə müasir idarəetmə və davamlı inkişaf modelinin tətbiqinə imkan verir. Bütün bu işlər təkcə əhalinin geri dönüşünü təmin etmir, həm də Qarabağ və Şərqi Zəngəzuru ölkənin iqtisadi xəritəsinə yenidən inteqrasiya edir. Böyük Qayıdışın həyata keçirilməsi Azərbaycanın sosial və iqtisadi təhlükəsizliyinə də mühüm töhfə verir. Çünki həmin bölgələrdə həyatın bərpası yeni iqtisadi mərkəzlərin yaranmasına, kənd təsərrüfatı, turizm və sənaye sahələrinin inkişafına səbəb olur. Bu da öz növbəsində regionda məşğulluğu artırır, daxili miqrasiyanın qarşısını alır və milli gəlirin bölgələr üzrə balanslı şəkildə bölüşdürülməsini təmin edir.
Geosiyasi baxımdan isə Böyük Qayıdış Azərbaycanın suverenliyini möhkəmləndirir və regionda yeni reallığın formalaşmasında əsas rol oynayır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr təkcə iqtisadi deyil, həm də siyasi mesaj daşıyır - Azərbaycan bu torpaqlarda əbədi məskunlaşmaq niyyətindədir və bu, beynəlxalq aləmdə ölkənin dövlətçilik iradəsinin gücünü nümayiş etdirir.
Nəticə etibarilə, Böyük Qayıdış proqramı Azərbaycanın milli birliyini möhkəmləndirən, sosial-iqtisadi dirçəlişini sürətləndirən və regionda sabitlik yaradan strateji layihədir. Bu, həm tarixi ədalətin bərpası, həm də gələcək nəsillər üçün inkişaf etmiş və təhlükəsiz Qarabağın qurulması istiqamətində atılan ən mühüm addımlardan biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə