"Düşünmürəm ki, ilin sonuna qədər bu işlər sürətlə icra olunacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"2025-ci ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ilə bağlı fikirlərə real yanaşmıram. Ola bilər ki, çərçivə müqaviləsi imzalanacaq, amma tammiqyaslı sülh müqaviləsinin imzalanması üçün müəyyən şərtlər var və onların icra olunması vacibdir. Ermənistan isə bu öhdəlikləri yerinə yetirmək istəmir". Bu sözləri SİA-ya aşıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bir tərəfdən Zəngəzur dəhlizinin açılmasını istəmir, digər tərəfdən isə qarşılıqlı etimadın formalaşmadığını düşünürəm: "Sülh müqaviləsinə gedən yolun ən sadə tələblərindən biri – Ermənistanın sülhməramlılıq missiyası çərçivəsində Avropa İttifaqının müşahidə missiyasını bölgədən çıxarması məsələsi hələ də həll olunmayıb. Ermənistan bu öhdəlikləri yerinə yetirmədiyi halda artıq ilin yarısı keçib — may ayı da bitir. Yəni, yarım il qalıb və bu müddət ərzində bu proseslərin həyata keçirilməsi ehtimalı çox aşağıdır. Düşünmürəm ki, ilin sonuna qədər bu işlər sürətlə icra olunacaq. Ola bilər ki, proseslər bir qədər vaxt tələb etsin.

Mən qarşılıqlı etimad məsələsini bəlkə başqa cür ifadə etmək istərdim, amma bugünkü vəziyyəti qiymətləndirərkən, ilin sonuna qədər nə sülh müqaviləsi, nə də digər razılaşmaların gözlənilməsi real görünmür. Ola bilər ki, dünyada siyasi proseslər sürətlə dəyişsin və ya fövqəladə hallar baş versin, amma hələlik belə bir perspektiv görünmür".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə