Azərbaycanda nağdsız ödənişlərin məbləği apreldə 50 % artıb

Bu ilin aprel ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 50 % artaraq – 9 milyard 301 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 8 milyard 71 milyon manatı (86,8 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 224 milyon manatı POS-terminallar, 4,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.

Ötən ay ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,1 %-ni təşkil edib.

Bu il mayın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 20 milyon 675 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,1 % çox, ilin əvvəli ilə müqayisədə 3,9 %, ötən ilin eyni dövrünə nisbətən 17 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 19,5 % artaraq 18,387 milyona çatıb, kredit kartlarının sayı isə 0,09 % azalaraq 2,288 milyon olub. Apreldə bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 13,183 milyard manat (illik müqayisədə 41,3 % çox) və 989 milyon manat (43,3 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 7 %, POS-terminalların sayı isə 39,5 % artaraq müvafiq olaraq 3 395 ədəd (Bakı üzrə 1 816 ədəd) və 129 544 ədəd (Bakı üzrə 78 188 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə