Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI

"Azərbaycan Respublikasının İkinci Dünya müharibəsində faşizm üzərində qələbə çalmasında çox böyük rolu olmuşdur və bu barədə çox sayda məlumat və material əldə etmək mümkündür. 1418 gün davam edən bu müharibədə Azərbaycan, o dövrdə 3,4 milyon əhalisi olan bir respublika olaraq iştirak etmişdir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Azərbaycanın faşizm üzərində qələbədəki rolunu rəqəmlərlə də təsdiqləmək mümkündür: "Buna görə də əhalimizin fəaliyyətini məhz rəqəmlər vasitəsilə göstərək:

Azərbaycan müharibədə 681 min nəfərlə, o cümlədən 10 min qadınla iştirak etmişdir. Azərbaycanın bu müharibədə ən mühüm rolu neftin istehsalı ilə bağlı olmuşdur. Müharibə zamanı istifadə olunan neftin təxminən 80 faizi Azərbaycanda istehsal olunmuşdur. Bu, təkcə birinci ildə 23,5 milyon ton neft deməkdir. Müharibə dövründə isə ümumilikdə 75 milyon ton Azərbaycan nefti istifadə edilmişdir. Bundan əlavə, Azərbaycanda 130 çeşiddə silah, texnika və mərmi istehsal olunurdu.

Azərbaycan xalqı bu müharibəyə 15 kiloqram qızıl, 952 kiloqram gümüş və 320 milyon rubl həcmində maddi yardım göstərmişdir. Bundan əlavə, cəbhəyə 125 vaqon isti paltar, 40 ton quru meyvə və 12 vaqon tomat məhsulları göndərilmişdir. Göndərilən məhsullar sadalananlarla məhdudlaşmır".

Hərbi ekspert qeyd edir ki, Azərbaycanda çoxsaylı hospitalar yaradılmışdı və burada fəaliyyət göstərən həkimlər təxminən 1,5 milyon yaralı əsgəri ölümdən xilas etmişdilər: "Azərbaycan ərazisində 87 batalyon və 1123 özünümüdafiə dəstəsi formalaşdırılmışdı. Eyni zamanda, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli diviziyalar yaradılmış və bu diviziyalar Qafqaz döyüşlərindən başlayaraq Berlinə qədər qəhrəmanlıqla döyüşmüşlər.

Azərbaycanlıların göstərdiyi şücaət nəticəsində 170 min nəfər orden və medallarla təltif olunmuş, 123 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bu rəqəmlər göstərir ki, balaca bir respublika olan Azərbaycan faşizm üzərində qələbədə nə qədər böyük rol oynamışdır.

Elə buna görə də Azərbaycanda hər zaman Vətən müharibəsinə aid tədbirlər yüksək səviyyədə, təntənə ilə keçirilmişdir. Faşizm üzərində qələbədə iştirak edən veteranlar daim dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunmuş, bu gün də həmin diqqət davam etdirilir. Dövlət səviyyəsində keçirilən tədbirlər Azərbaycanın gənc nəslinin vətənpərvərlik ruhunda formalaşmasına xüsusi töhfə verir".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə