"Bölgənin inkişafı hər üç dövlətin birgə inteqrasiyası ilə gedir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri iki qonşu və dost ölkə arasındakı münasibətlərin yeni mərhələdə başlanğıcının çox yaxşı göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, Gürcüstan Prezidenti özünün ilk rəsmi səfərini Azərbaycana etdi: "Bu da o deməkdir ki, Gürcüstan Azərbaycana həm qonşu dövlət, həm də strateji tərəfdaş kimi olduqca böyük önəm verir. Cənab Prezidentlə Gürcüstan Prezidentinin apardığı müzakirələr, mətbuata verdiyi açıqlamalar, Gürcüstan Prezidentinin Azərbaycanın Baş naziri ilə görüşü, Milli Məclisdə parlamentin spikeri Sahibə Qafarova ilə görüşməsi, görüşdə səslənən fikirlər ona əsas verir ki, Gürcüstan-Azərbaycan dostluğu uzun illərin tarixi sınağından çıxmışdır. Bu gün də daha da ciddi şəkildə bütün əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsində qurulmuş və möhkəmlənir.
Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü həmişə tanımışdır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini, suveren Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq, abadlıq işlərinin Gürcüstan tərəfindən dəstəklənməsi və yüksək qiymətləndirilməsi münasibətlərimizin bundan sonrakı dönəmdə də artan istiqamətdə inkişafına təkan verəcəkdir. Hər iki Prezident öz bəyanatında əlaqələrimizin müxtəlif və çoxşaxəli olması və bundan sonrakı inkişaf perspektivləri haqqında dəyərli fikirlər söylədilər. Prezident İlham Əliyevin mətbuat konfransında Azərbaycanın 12 ölkəyə neft və qaz məhsullarının ixrac etməsini, ixracın hamısının Gürcüstan üzərindən həyata keçirilməsini vurğulaması olduqca ciddi məqamlardan xəbər verir. Qısa müddət ərzində bu münasibətlərin qurulması və inkişafı hamımızın gözü qarşısında baş verib. Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Orta dəhlizin Azərbaycan və Gürcüstan üzərindən Avropaya uzanması olduqca böyük tarixi nailiyyətlərdir, böyük layihələrdir.
Eyni zamanda ölkələrimiz arasında tarixi, mədəni, humanitar əlaqələrin inkişafı və daha da möhkəmlənməsi prezidentlərimizin mətbuata bəyanatında və görüşlərində səslənən çox aktual fikirlərdir. Gürcüstanda yarım milyona qədər azərbaycanlı yaşayır. Gürcüstan onların ana Vətənidir. Onların Gürcüstanda işləməsi, yaşaması və sosial həyatlarının təmin edilməsi həm Azərbaycan dövlətinin, həm də Gürcüstan dövlətinin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Gürcüstan Prezidentinin Azərbaycana səfərində onu müşayiət edən şəxslərin sırasında iki azərbaycanlı gənc deputat da var idi. Savalan Mirzəyev və Zaur Darğalı gənc deputatlardır. Gürcüstan hakimiyyəti, prezidenti ölkələrimiz və xalqlarımız arasında münasibətlərə olduqca ciddi fikir verir".
"Gürcüstan Prezidentinin həm cənab Prezidentlə bəyanatında, həm də Milli Məclisdəki çıxışında Gürcüstanın Azərbaycanla əlaqələrinə ciddi önəm vermələri və bu əlaqələrin xüsusilə hər iki dövlətin təhlükəsizlik məsələsi, ərazi bütövlüyünün tanınması məsələsi, suverenlik, əməkdaşlıq məsələsinin inkişafı, bütövlükdə Qafqazı dünyanın inkişaf edən, gözəl, mütərəqqi, sülh və sabitlik bölgəsinə çevirmək üçün atılan addımların vacibliyini vurğuladı. Gürcüstan Prezidenti öz çıxışında, Azərbaycanda parlamentdə görüşərkən Sahibə Qafarova da bölgədəki sabitliyin çox ciddi təmin olunması üçün Ermənistan və Gürcüstan arasında böyük sülh müqaviləsinin imzalanmasının vacibliyi vurğuladılar. Cənab Prezident İlham Əliyevin də bəyanatında söylədiyi kimi Ermənistan və Azərbaycan arasında artıq sülh müqaviləsinin mətni də razılaşdırılıb. Yalnız iki məsələnin Ermənistan tərəfindən həll olunması qalır. Ermənistan konstitusiya aktında Azərbaycanın ərazi bütövlüyünə müdaxilə edilməsi və Azərbaycana ərazi iddiası məsələsinin aradan qaldırılması, heç bir fəaliyyəti olmayan və bölgədəki sülh prosesinə əngəl törədən Minsk Qrupunun da buraxılması məsələsi qısa zamanda öz həllini tapacaqdır.
Bölgənin inkişafı hər üç dövlətin birgə inteqrasiyası ilə gedir. Hesab edirəm ki, bu görüş olduqca böyük əhəmiyyətə malikdir. Cənab Prezident İlham Əliyevlə görüş zamanı Gürcüstan-Azərbaycan dostluq qrupunun rəhbəri tərəfindən söylənilən və cənab Prezident tərəfindən də dəstəklənən gənclərin bir platformada birləşməsi, eyni layihələri həyata keçirməsi və hər iki ölkənin gənclər forumunun yaranması ideyası da gələcəyə hesablanmış, dostluq, qardaşlığımızı gücləndirən addımlardan biridir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə