"Azərbaycanla Çin əməkdaşlığı daim yüksələn xətt üzrə inkişaf edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanla Çin arasında daim dostluq və yaxın əməkdaşlıq münasibətləri olub". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti Çinlə həm siyasi, həm də iqtisadi baxımdan daim dərin əlaqələr qurub: "Xüsusilə də, Azərbaycan Prezidentinin Çinə səfəri və bir çox beynəlxalq platformalarda tədbirlər zamanı Çin lideri ilə görüşlər, aparılan qarşılıqlı müzakirələr, məsləhətləşmələr və qurulan təmaslar, ölkələrimiz arasında imzalanan bir çox iqtisadi xarakterli sənədlər, birgə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, Çinlə Azərbaycanın gələcəkdə də yüksək səviyyəli, perspektivli əməkdaşlığı mövcud olacaqdır. Xüsusilə də, nəqliyyat-kommunikasiya, yükdaşıma sahəsində Çinin Azərbaycanla birgə həyata keçirdiyi layihələr, Orta dəhliz istiqamətində Çinlə qurulan əməkdaşlıqlar buna bariz nümunədir.

Qarşılıqlı ticari əlaqələr, idxal, ixrac əməliyyatlarının həyata keçirilməsi də hər ötən gün daha da dərinləşir, inkişaf edir. Xüsusilə, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sahədə əməkdaşlıqlara yüksək dəyər, qiymət verir. İstər Azərbaycanda, istərsə də, beynəlxalq arenada keçirilən qlobal forumlarda, yaxud da, Çin mediasına verdiyi müsahibələrdə Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın bir çox perspektiv konturlarını cızıb və bu istiqamətdə də çox tutarlı bəyanatlar səsləndirib. Təbii ki, bu, Azərbaycanın Çinlə əlaqələrdə tutduğu mövqe, müəyyən etdiyi siyasi kursa qarşı tərəf də yüksək qarşılıq verib. Azərbaycanla əməkdaşlığa Çin daim üstünlük verib. Bu da Azərbaycanın beynəlxalq səviyyədə etibarlı və samballı, nüfuzlu tərəfdaş olmasının əsas göstəricilərindən biridir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə