“Fransa məqsədli şəkildə müharibə görüntüsü yaratmağa çalışır” - MÜNASİBƏT BİLDİRİLDİ
"Antalya Diplomatiya Forumunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi müsbət haldır. Bu, tərəflərin sülhə yaxınlaşması baxımından əhəmiyyətlidir. Amma bu prosesdə Ermənistan sona qədər iradə sərgiləməlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.
O bildirib ki, Azərbaycan tərəfi Diplomatik Forumda bir daha normallaşma prosesilə bağlı mövqeyini bəyan etdi - Ermənistan Konstitusiyası dəyişdirilməli, ATƏT-in Minsk Qrupu ləğv edilməlidir: "Yalnız bundan sonra sülh sazişinin imzalanması, iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması yolunda heç bir əlavə maneə olmayacaq. Ararat Mirzoyan isə bildirdi ki, ölkəsinin hazırkı məqsədi sülh sazişinin imzalanacağı yeri və günü təyin etməkdir. Amma yalnız rəsmi Bakının şərtləri qəbul olunduqdan sonra biz sülh sazişinin imzalanacağı yerin və günün təyin edilməsindən danışmaq mümkündür. Bu barədə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov da bildirdi ki, biz sülh sazişinə köklənsək də, Ermənistan Konstitusiyasında ziddiyyətli məqamlar var. Azərbaycan bu tələbində haqlıdır. Beynəlxalq təcrübədə də bu, normal qəbul olunur.
Ermənistan Xarici işlər nazirinin ittihamının isə heç bir əsası yox idi. Çünki Azərbaycan Konstitusiyasında Ermənistanın mövcud ərazisinə dair hər hansısa bir ərazi iddiası yoxdur.
Ümumiyyətlə, son 5 ildə, yəni 44 günlük müharibədən sonra regionda sülh və əməkdaşlıq üçün unikal imkan yaranıb. Regionun digər ölkəsi Gürcüstan da Antalya Diplomatiya forumunda sülh və əməkdaşlıqla bağlı mövqeyini bildirdi. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili də qeyd etdi ki, Ermənistan və Azərbaycan Gürcüstana arxalana bilər, rəsmi Tbilisi regionumuzda dialoqu və əməkdaşlığı asanlaşdıracaq bütün mümkün vasitələri təqdim etməyə hazırdır. Cənubi Qafqaz ölkələrinin uzun fasilədən sonra normal qonşuluq münasibətləri qurması əlbəttə, arzuolunandır.
Sülh və əməkdaşlıq təklifi ilk dəfə Azərbaycan tərəfindən irəli sürülüb. Müharibə başa çatdıqdan dərhal sonra - 2021-ci ildə məhz biz düşmənçilik səhifəsini bağlamağı təklif etdik. 2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndi Ermənistana təqdim edildi. Təsadüfi deyil ki, sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistana təqdim edilib. Təxminən iki il yarımdan sonra, yəni bir ay əvvəl müzakirələr başa çatdı və mətnlə bağlı razılıq əldə olundu. Təbii ki, sazişin mətninin razılaşdırılması hələ onun imzalanması demək deyil. Azərbaycanın şərtləri mütləq yerinə yetirilməlidir.
Amma Diplomatiya Forumundakı görüşdən sonra Ermənistanın Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Azərbaycana qarşı dezinformasiya yayması, həmçinin Fransanın Avropa və xarici işlər naziri Noel Baronun canfəşanlığı əsas mahiyyəti ortaya qoyur. Görünən budur ki, Fransa tərəflərin bir araya gəlməsini, sülh istiqamətində danışıqlar aparmasını həzm etmir, regionda müharibə görüntüsü yaratmağa can atır. Ermənistan isə Fransanın diktəsilə sülhdən yayınmaqdansa sülh prosesilə bağlı əməli addımlar atmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə