"Almaniya tərəfi bunun texniki səhv olduğunu etiraf etdi" - Millət vəkili DANIŞDI

"Almaniya Prezidenti Administrasiyası, Almaniya Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, səhvən paylaşılmış bu postda Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn yer almışdı: "Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olan bu paylaşım dərhal silinmiş və Almaniya tərəfi bunun texniki səhv olduğunu etiraf etmişdir. Almaniya Prezidenti Administrasiyasının rəhbəri tərəfindən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə ünvanlanmış məktubda, bu hadisəyə görə üzrxahlıq ifadə olunmuş və paylaşımın heç bir siyasi məna daşımadığı vurğulanmışdır.

Məktubda həmçinin, Almaniya Prezidentinin qarşıdan gələn səfərinin Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıdığı qeyd edilmişdir. Bu hadisə diplomatik münasibətlərdə diqqətli olmağın və rəsmi kommunikasiya kanallarında yayımlanan məlumatların həssaslığının vacibliyini bir daha göstərir. Azərbaycan-Almaniya əlaqələrinin inkişafı baxımından bu üzrxahlıq, iki ölkə arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın davam etdirilməsi üçün mühüm bir addım hesab edilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə