"İran-Azərbaycan münasibətləri hazırda bir dinamika içindədir və dəyişmə ərəfəsində olduğu görünür". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, hər iki tərəfin münasibətləri daha da yaxşılaşdırmaq üçün cəhdləri var: "Azərbaycan həmişə bu münasibətlərin normal qonşuluq prinsipi çərçivəsində yüksək olmasına çalışıb. Həm İran tərəfindən atılan addımlar, Azərbaycanın siyasətinin düzgün başa düşülməməsi və bir sıra ziyanlı İran tərəfindən atılan addımlar iki ölkənin münasibətlərini əvvəllər korlayıb.
Son günlərdə İran prezidentinin Azərbaycana məktubu, İran prezidentinin nümayəndəsinin Azərbaycana səfəri və burda yüksək səviyyədə qəbul olunması deməyə əsas verir ki, Azərbaycan tərəfindən münasibətlərin dərinləşməsinə heç bir maneə yoxdur və İran tərəfi də, nəhayət ki, bu münasibətlərdəki durğunluğu, ziddiyyətli məqamları aradan qaldırmağa, real addımlar atmağa başlayıb. Amma hələlik bir şey aydın deyil ki, İran Azərbaycanla münasibətləri bir taktiki gediş, yəni müvəqqəti mərhələ kimi yaxşılaşdırmağa çalışır, yoxsa daha uzun müddətə müəyyənləşdirilmiş strateji bir kurs kimi formalaşdırmaq niyyətindədir. Bilirik ki, İranın çətin günləridir, dünyada təqib vəziyyətindədir, sanksiya altındadır, qonşu dövlətlərlə münasibətləri normal vəziyyətdə deyil. Amerika, İsrail tərəfindən çox ciddi basqı altındadır. Hətta Amerika və İsrailin birgə onun üzərinə hərbi yürüş plan hazırladıqları ilə bağlı məlumatlar var. Belə şəraitdə İranın Azərbaycanla yaxınlaşması, həqiqətən, sual doğurur ki, İran bizimlə yaxınlaşmaqla özünün indiki vəziyyətini yüngülləşdirməyə çalışır, yoxsa Azərbaycanla daha uzun müddətə və Azərbaycanın heç bir xarici siyasət addımını sorğulamadan onu təftiş etmədən uzunmüddətli siyasət kursu aparmaq istəyir? Əlbəttə, bunun aydınlaşdırılmasına böyük ehtiyac var. Ona görə ki, məhz bu addımlardan bəlli olacaq ki, İran Azərbaycanla hazırda müşkülə dönmüş müəyyən məsələlərin aradan qaldırılmasında nə qədər maraqlıdır. Məsələn, biz çox istəyirik ki, İranın Zəngəzur dəhlizinə, ümumiyyətlə, Vətən müharibəsindən sonra yaranmış regional reallıqlara münasibəti dəyişsin, İranın siyasəti Ermənistanın sülh və təhlükəsizliyə yönəlik fəaliyyətini daha da təşviq etsin. Nəinki Ermənistanı başqa istiqamətlərə yönətmiş olsun. Çox istəyirik ki, İran Araz boyunca Naxçıvana yeni bir dəhlizinin açılma prosesini sürətləndirsin və Azərbaycanın müxtəlif xarici siyasət istiqamətlərində, xüsusilə də, İsrail və Amerikayla münasibətlərdə atdığı addımların boynuna ip keçirib ora-bura sürütləməsin. Bu siyasətlərdə özünə qarşı düşmənçilik niyyətləri və məqamları axtarmasın. Əlbəttə, bunların İran tərəfindən nümayiş olunması həm İranın siyasətinə bizdə böyük etimad yarada bilər, həm də münasibətlərin daha da dərinləşməsinə və güclənməsinə şərait yarada bilər. Hər halda Azərbaycan İranla münasibətlərin daha böyük perspektivlərini çıxmaq üçün bütün qapıları açıq saxlayır. İndi hər şey İrandan aslıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə