"Azərbaycanla Ermənistan arasında təhlükəsizlik zolağı olmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanın sürətlə silahlandırılması prosesi gedir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, bir tərəfdən Fransa, digər tərəfdən Hindistan Ermənistanı silahlandırır: "Bu da regionda təhlükəsizlik risklərini artırır. Ermənistan nəzərə almaq lazımdır ki, işğalçı dövlətdir. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamışdı. Hazırda da Ermənistanın silahlanması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmaması böyük riskləri formalaşdırır. Azərbaycanın bu xüsusda tələbləri bundan ibarətdir ki, sülh müqaviləsinin imzalanması üçün razılaşmalar əldə olunubsa, Azərbaycanın tələbləri yerinə yetirilibsə, Ermənistan Azərbaycanın digər tələblərini də yerinə yetirməlidir. Bu, Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlıdır. Digər məsələ isə Ermənistanın bu günə qədər əldə etdiyi silahların geri qaytarılması ilə bağlıdır. Hesab edirəm ki, bu da çox önəmli bir tələbdir. Çünki Azərbaycanla Ermənistan arasında təhlükəsizlik zolağı olmalıdır.

Ermənistanla Azərbaycan arasında olan sərhədlərdə üçüncü dövlətlərə aid qüvvələrin iştirakı yolverilməzdir. Belə olan halda sülh mümkün, dayanıqlı olacaqdır. Təəssüflər olsun ki, Ermənistan bunu hələ dərk etmir. Sülh əleyhinə fəaliyyətləri genişləndirməklə məşğuldur. Bu da tamamilə yolverilməzdir. Hesab edirəm ki, Azərbaycanın tələblərinin yerinə yetirilməsi tam həcmdə bütün tələblərin həyata keçməsi sülhünü daha da mümkün edəcəkdir. Dayanıqlı və etibarlı təhlükəsizlik sistemi formalaşa bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə