"Gürcüstanda yeni bir situasiya yaranıb" - AYDINLIQ GƏTİRİLDİ

"Bildiyiniz kimi dünyada qlobal güclərin savaşı gedir. Nüfuz, dünya uğrunda Birləşmiş Ştatlarla Rusiyanın siyasi, iqtisadi və hərbi savaşı gedir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, Birləşmiş Ştatların əsas məqsədi bir qütblü sistem yaradıb, ona nəzarət etməkdir: "Ümumilikdə Birləşmiş Ştatlar başda olmaqla NATO Rusiyanı düşmən elan edir, onu dünya siyasi xəritəsindən silmək istəyir. Bu baxımdan dünyada gedən proseslər Cənubi Qafqaza da birbaşa olaraq təsir edir. Yəni bu qlobal güclərin əsas mərkəzi Ukraynadırsa, ikinci mərkəzi Cənubi Qafqazdir, üçüncü mərkəzi isə Yaxın Şərqdir.

Cənubi Qafqaz Birləşmiş Ştatlar üçün əsas əhəmiyyət kəsb edir, çünki Avropa və Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqəsi kəsilir və Rusiyanın cənub cinahı Qafqazdır. Əlbəttə ki, Qafqaz Rusiya üçün nəfəs borusudur. Birləşmiş Ştatlar Baydenin hakimiyyəti dövründə Rusiyanın Cənub cinahını bağlamaq istəyirdi, Rusiyanın ətrafında qaynar ocaqlar yaradaraq, Rusiyanı sərhəd bölgəsində yaranan münaqişələrə cəlb etmək istəyirdilər. Bunun da nəticəsində Rusiyanın nüfuzu zəifləyirdi. Gürcüstan da bu proyektin tərkib hissəsi idi və Saakaşvilinin dövründə Birləşmiş Ştatlar Saakaşvilidən bir alət kimi istifadə etməklə Rusiya-Gürcüstan müharibəsi yaratdılar və Gürcüstan da bunun nəticəsində öz ərazisini itirdi. Böyük güclərin əlində alətə çevrilmək düzgün olmazdı, çünki bunun ən ağır təsiri də elə həmin xalqa olurdu. Saakaşvilidən sonra Gürcüstanda yeni bir siyasi situasiya yarandı. Xatırlatmaq istəyərdim ki, Gürcüstanın baş nazirinin və prezidentinin bu yaxınlarda açıqlamaları oldu. Qərb Gürcüstandan yenə də Rusiya əleyhinə istifadə etmək, Rusiya əleyhinə ikinci cəbhənin açılmağını istəyirdi. Təbii ki, Gürcü Arzusu partiyasında hakimiyətə gələn qüvvələr bu cür təxribatlı addımlara getmədi, çünki onlar gözəl anlayırlar ki, Saakaşvilinin dövründə bu cür provokasiyalar gürcü xalqı üçün ağır nəticələnmişdir. Ümumilikdə Gürcüstanda yeni bir situasiya yaranıb. Gürcüstan müstəqil bir siyasət həyata keçirmək, öz suverenliyini qorumaq və qonşularla dinc münasibət yaratmaq istəyir. Yəni heç bir böyük gücün əlində alətə çevrilmək istəmir. Amma Qərb bunu qəbul etmək istəmirdi, çünki Baydenin yanaşması tamamilə Trampdan fərqlənirdi. Amma Birləşmiş Ştatlarda yeni hakimiyyət dəyişikliyi baş verəndən, Trampın hakimiyyətə gəlməsindən sonra Cənubi Qafqazda bir çox siyasi analitiklərə fərqli baxışlar var idi.

Cənubi Qafqazda gələcəkdə baş verə biləcək hadisələr Birləşmiş Ştatlarla Rusiya arasında münasibətdən qaynaqlanacaq. Yenə Birləşmiş Ştatlar Rusiyaya düşmən gözündə baxacaqsa, Cənubi Qafqazda gərginlik olacaq. Çünki Birləşmiş Ştatlar Cənubi Qafqaz Respublikalarından Rusiya əleyhinə istifadə etmək istəyəcəkdir. Cənubi Qafqaz Respublikalarının da iki əsas dövləti vardır, Gürcüstan və Azərbaycan. Azərbaycan balanslaşdırıcı siyasət həyata keçirir, heç bir hərbi bloka qoşulmur. Məsələ burasındadır ki, Birləşmiş Ştatlarla Rusiyanın münasibəti necə olacaq və ona da uyğun Cənubi Qafqazda böyük güclərin siyasi maraqları həyata keçiriləcəkdir. Trampın hakimiyyətə gəlməsi hələ Birləşmiş Ştatların strategiyasının dəyişməsi demək deyildir. Çünki Birləşmiş Ştatlara kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Birləşmiş Ştatların, dərin dövlətin ortaya qoyduğu bir strategiya vardır və bu strategiya qorunmalıdır. Yəni istər respublikaçılar hakimiyyəti olsun, istərsə də demokratlar bütün hallarda bu strategiya qorunmalıdır".

"Strategiya nədən ibarətdir? Amerika imperatorluğuna mane olan bütün hallar aradan qaldırılmalıdır. Bu gün Trampın hakimiyyətə gəlməsi və verdiyi bəyanatlar çox təəccüb doğurur. Ona görə ki, Birləşmiş Ştatların dərin dövlətin qoyduğu strategiyaya qarşı müəyyən bəyanatlar səsləndirilir. Bu isə Birləşmiş Ştatlar üçün çox təhlükəli bir tendensiya yarada bilər. Xatırlatmaq istəyirəm ki, necə ki Qarbaçov Sovet hökümətinin ideologiyasına uyğun olmayan bəyanatlar səsləndirərək Sovet hakimiyyətini çökdürdü, Tramp da eyni ilə bu cür davranır. Trampın verdiyi bəyanatlar Birləşmiş Ştatların sütununu laxladır. Hesab edirəm ki Tramp Birləşmiş Ştatların strategiyasını, strateji maraqlarını qorumasa və bu strategiyanı dəyişməyə cəhd etsə, Trampın hakimiyyəti uzunömürlü olmayacaqdır. Buna baxmayaraq Trampın hakimiyyətə gəlməsi ilə əlaqədar dünyada yeni bir situtasiya yaranır. Bu siyasi situasiya Gürcüstandada özünü göstərməkdədir. Yaxın Şərqdə də özünü göstərməkdədir. Hesab edirəm hələ ki, Gürcüstan Cənubi Qafqazla bağlı Birləşmiş Ştatların mövqeyi hələ birmənalı deyil. O baxımdan Gürcüstandakı gedən proseslər, hesab edirəm ki, Birləşmiş Ştatlar Rusiya münasibəti necə qurulacaqsa, ona uyğun formalaşacaqdır. Çünki bu yaxınlarda Gürcüstan rəngli demokratik ideya altında dövlət çevrilişinə cəhdlər baş vermişdir. Gürcü partiyası bu cəhdi aradan qaldırdı. Gürcü xalqı öz iradəsini nümayiş etdirdi və Qərbin əlində alətə çevrilmək istəmədi. Gürcü partiyası yenə də hakimiyyətdə qoruyub saxladı. Hesab edirəm ki, Gürcüstanda gedən proseslər dünyada gedən proseslərlə uyğunlaşmalıdır. Bu gün dünya çox qütblü sistemə keçmək istəyir. Gürcüstan Avropa ilə münasibətində bir soyuqluq var. Gürcüstanın Rusiya ilə də münasibəti yaxşı deyil. Hətta diplomatik fəailiyyəti yoxdur. Bu baxımdan Gürcüstan siyasi vakumdadır. Gürcüstanın gələcək inkişafı həm siyasi, həm iqtisadi baxımdan geniş əlaqələri hesab olunur. Türk dövlətləri təşkilatları fonunda daha çox uğur əldə edə bilər. Çünki Gürcüstan həm Avropa, həm Rusiya ilə münasibəti soyuq olduğuna görə Gürcüstan həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımdan gələcək fəaliyyətini Türk Dövlətləri Təşkilatında qursa, daha uğur əldə edə bilər. Çünki Türk Dövlətləi Təşkilatı getdikcə qlobal siyasi ittifaqa çevrilə bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə