"Azərbaycana münasibətdə qərəz nümayiş etdirənlərə, əlbəttə ki, uyğun şəkildə cavab verilməlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, birincisi, bu, hüquq müstəvisindədir, ikincisi isə əsasən xaricdən olduğuna görə diplomatik müstəvidə: "Yəni Azərbaycanın uyğun qurumları hərəkətə keçməlidir. Özəlliklə də xarici ölkələrdə oturub Azərbaycana şər, böhtan atan, ictimai rəyin önündə olan adamları davamlı şəkildə təhqir edənlərə qarşı mütləq tədbirlər görülməlidir. İstər Almaniyada, istər Amerika Birləşmiş Ştatlarında və başqa ölkələrdə kim varsa, onlarla bağlı həmin ölkələrin səfirliklərinə nota verilməlidir. Eyni zamanda hüquq müstəvisində onlarla bağlı tədbirlərin görülməsi üçün dövlət hərəkətə keçməlidir.
Biz olmadığımız yerdə mütləq bizim əleyhimizə danışılacaq və qərarlar qəbul ediləcək. Ona görə də çıxış yolunu mütləq bu cür platformalarda iştirak etməkdə görürəm. Yəni biz hər yerdə olmalıyıq və bütün tribunalardan istifadə etməliyik. Ümumiyyətlə, Azərbaycanla bağlı hansısa formada məsələlərin gündəmə gətiriləcəyi yerləri boş buraxmamalıyıq. Belə olacağı təqdirdə istər ermənilər olsun, istərsə də onların havadarları olsun əleyhimizə təbliğat qura bilməyəcəklər. Yəni biz elə bir dünyada yaşayırıq ki, burada artıq o özbaşınalıqlara, ədəbsizliklərə dözməli deyilik. Bunun üçün hüquqi mexanizmlər də var, diplomatik imkanlar da var. Düşünürəm ki, artıq dövlət öz imkanlarını səfərbər edib bu məsələni kökündən həll etməlidir. Əks təqdirdə bu idbar adamlar Azərbaycan cəmiyyətini, həqiqətən də, gözdən salmağa davam edəcəklər. Həm ölkə içində ictimai rəyi çaşdırırlar, həm də xaricdə Azərbaycan haqqında çox mənfi rəy yaradırlar. Üstəlik də bu rəyi yaratmaq üçün hər kəsə şər, böhtan atır, qara yaxır, təhqir edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə