Dekabrın 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, iclasda komitə sədri Əli Hüseynli gündəliyə 8 məsələnin daxil edildiyini bildirib.
Komitə sədri birinci məsələ olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Bildirib ki, təklif olunan dəyişikliklər genişhəcmlidir və sənəd son vaxtlar qanunvericiliyə gətirilmiş məhdudlaşdırıcı normaların Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində əks olunmasını ehtiva edir.
Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı qeyd olunub ki, layihə tikinti obyektinin və fərdi yaşayış evinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucuların yerləşdirilməsini tənzimləyir.
Komitə sədrinin müavini Elşən Musayev “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Kredit büroları haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edib. O bildirib ki, layihə mənzil fondunun özəlləşdirilməsi ilə bağlı sənədlərin elektron yolla asan əldə olunmasını təsbit edir.
Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri Əli Hüseynli bildirib ki, sənəddə “yüksəkixtisaslı miqrant” anlayışı qanunvericiliyə gətirilməklə onların bilik və bacarıqlarının ölkənin sosial-iqtisadi inkişafına cəlb edilməsi məqsədi ilə hazırlanıb.
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri ilə bağlı komitə üzvü Bəhruz Məhərrəmov məlumat verib. O bildirib ki, təklif olunan dəyişikliklər Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların (yeni adla - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların) fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə tənzimləmələrin effektivliyinin artırılması məqsədi ilə hazırlanıb.
İclasda gündəliyin son iki məsələsi - qanunsuz miqrantların saxlanılması qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında və məişət zorakılığı ilə bağlı müraciətlərə baxılma prosedurunun təkmilləşdirilməsi məqsədilə hazırlanan “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri isə üçüncü oxunuşda baxılaraq müzakirə olunub.
Qanun layihələrinin müzakirəsində komitə sədri Əli Hüseynli, komitə sədrinin müavini Elşən Musayev, komitə üzvləri Erkin Qədirli, Bəhruz Məhərrəmov çıxış edərək dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər.
Deputatlar müzakirə olunan qanun layihələrinin hər birini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Onlayn iclasda deputatlar Əminə Ağazadə, Kamran Bayramov, Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Fəzail İbrahimli, Mübariz Qurbanlı, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə