"AB-yə gəlmək istəyirsənsə, biz deyən havaya oynamalısan" - ŞƏRH EDİLDİ

"Gürcüstanda hakim partiya Gürcüstanın müstəqil siyasət yeritmə taktikasını həyata keçirməkdədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, "Gürcü Arzusu partiyasının bu cür siyasəti başda Birləşmiş Ştatlar olmaqla Qərbi qane etmir: "Birləşmiş Ştatlar və Qərb açıq şəkildə Gürcüstanı öz təsirinə salıb Rusiya əleyhinə istifadə etmək istəyir. "Xarici Agentlər" haqqında qanunun qəbul edilməsi prosesində də Gürcüstan müstəqil qərar qəbul etdi. Baxmayaraq ki, Birləşmiş Ştatların və Qərbin açıq təzyiqi var idi. Gürcüstan dövləti açıq şəkildə deyir ki, biz Avropaya inteqrasiya etmək istəyirik, ancaq müstəqil şəkildə dövlət və milli maraqlarımızı qorumaq şərtilə. Qərb isə əksinə deyir ki, Avropa Birliyinə gəlmək istəyirsənsə, biz deyən havaya oynamalısan. Yəni Avropanın və Amerikanın maraqlarına uyğun davranmalısan. Bu isə Gürcü xalqının dövlət və milli maraqlarına uyğun gəlmir.

Gürcüstanda demokratik seçki keçirildi. Xalq "Gürcü Arzusu" partiyasına səs verdi. 54% səslə qalib gəldi. Gürcüstanda keçirilən bu seçkini Birləşmiş Ştatlar və Qərb tanımaq istəmir. Açıq şəkildə Gürcüstanda keçirilən seçkiyə kölgə salmaq istəyirlər. Baxmayaraq ki, həmin seçkilər elektron qaydada keçirilmişdi. Azərbaycandan da deliqasiya var idi, seçkinin demokratik keçirilməsini bəyan etmişdi. Gürcüstanın bu seçkidə qələbəsinin Qərb və Birləşmiş Ştatlar tanımadı. Açıq şəkildə Gürcüstan rəhbərliyinə qarşı sanksiya ilə çıxış etdilər. Bu cür davranış birbaşa Gürcüstanı təhdid etmək idi. Gürcüstanın baş naziri açıq şəkildə bəyan etdi ki, bizi şantaj edirsiniz, bu cür davranış nə beynəlxalq hüquqa uyğun gəlir, həm də Gürcüstanın müstəqil dövlət olmasına təhdiddir. Gürcüstanda ikihakimiyyətlilik meydana gəlib. Gürcüstanın prezidenti açıq şəkildə Gürcüstanın maraqlarına yox, Qərbin maraqlarına xidmət edir, dövlət çevrilişinə çağırış səsləndirir. Açıq şəkildə bəyan edir ki, Gürcüstanda yeganə hakimiyyət odur. Gürcüstan müxalifətini Qərbin dəstəyi ilə üsyana çağırır. Dövlətin strateji obyektlərinin tutulmasına sövq edir. Bu da dövlət çevrilişidir.

Gürcüstanda baş verən hadisələrin demokratik dəyərlərə heç bir aidiyyatı yoxdur. Çünki demokratiyanın təməl prinsiplərindən biri azlığın çoxluğa tabe olmasıdır. Bu gün Gürcüstanda azlıq çoxluğa tabe olmur, çünki Gürcüstanda xalq seçkini keçirdi, "Gürcü Arzusu"na səs verdi. Bu gün "Gürcü arzusu" partiyası hakim partiyadır. Çoxluq bu partiyaya səs verib. Amma Tbilisidə 10 minə yaxın insan açıq şəkildə dövlət çevrilişinə cəhd üçün addımlar atır. Gürcüstanda meydan hərəkatını təkrarlamaq istəyirlər. Birləşmiş Ştatlar demokratiya ideyası altında fərqli dövlətlərdə çevriliş edir, Gürcüstanı işğal etmək istəyir. Gürcüstanın hakim partiyası Qərbin bu cür davranışlarını qəbul etmir və ona adekvat cavab verir. Guya, "Gürcü Arzusu" partiyası Rusiyayönümlüdür. Bunu da Gürcü kütləsinə sırımaq istəyirlər. Əslində dərindən analiz etsək, baxarıq ki, "Gürcü arzusu" partiyası hansı platformada Rusiya ilə əməkdaşlıq edir. Nə MDB təşkilatında, nə Avrasiya İqtisadi Birliyində, nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, 3+3 formatı çərçivəsində Rusiya ilə əməkdaşlıq etmir. Sadəcə Qərb bu cür psixoloji müharibə aparır və Gürcüstanın hakim partiyasını Rusiyameyill siyasət yürütməkdə ittiham edirlər".

"Birləşmiş Ştatlar da Gürcüstanı strateji müttəfiqlik barəsində razılaşmadan imtina edir. Bu da Gürcüstana birbaşa siyasi təzyiqdir. Onlar açıq şəkildə Gürcüstan dövlətini Rusiya ilə sanksiyaya qoşulmağa çağırırlar. Bu cür çağırış Gürcüstan dövləti və xalqının marağına uyğun deyil. Qərb çalışır ki, Gürcüstanda Rusiya əleyhinə ikinci cəbhə açsın. Gürcüstan dövləti bu çağırışlara gedə bilməz. 2008-ci ildə Saakaşvilinin avantürist siyasəti nəticəsində Gürcüstan torpaqlarını itirdi. Bunu gürcü xalqı unutmur. Bu gün Gürcüstanda baş verən hadisələr başda Birləşmiş Ştatlar olmaqla Qərbin Cənubi Qafqaza girməsinin bir elementidir. Rusiyanın cənub cinahını bağlamaq istəyirlər. Azərbaycan da balanslaşdırılmış siyasət həyata keçirdiyi üçün Azərbaycana təzyiq olunur.

Gürcüstanda baş verən hadisələr dolayısı ilə Azərbaycana da bir mesajdır. Əgər Gürcüstanda Birləşmiş Ştatlar demokratiya ideyası altında dövlət çevrilişi edib münasib hakimiyyət qurarsa, növbəti addım Azərbaycan olacaq. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir. Birləşmiş Ştatlar Ermənistan və Gürcüstanı öz təsirinə alarsa, növbəti addım Azərbaycan olacaq. Gürcüstanda baş verən xaos Qərbin Cənubi Qafqazda aparacağı xaosun başlanğıcıdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə