"Həmin şəbəkənin hesabına Gürcüstan bu gün çalxalanır" - ŞƏRH EDİLDİ

"Gürcüstan Azərbaycan üçün önəmli qonşu dövlətdir. Burada bizim yüz minlərlə soydaşımız yaşayır. Tarixən də Gürcüstan Azərbaycanın həyatında, ictimai rəyində mühüm rol oynayıb. Bizim tariximizdə də paralellər az deyil. Ümumiyyətlə, həmişə iç-içə olmuşuq". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, bundan sonra da belə davam etmək istərdik: "O baxımdan Gürcüstanda baş verənlər bizi narahat etməyə bilməz. Təəssüflər olsun ki, Qərbin yetişdirib Gürcüstana, hətta Prezident kimi sırıdığı bir şəxs bu gün ölkənin daxildən təlatümlərlə üz-üzə gətirilməsinə rəvac verir. Qərb o qədər irəli gedib ki, özünü istər QHT sektorunda, istər media sektorunda olsun agent şəbəkəsini geniş şəkildə, hətta hakimiyyətin bəlli strukturlarına qədər yüksəldə bilib. İctimai rəyə ciddi təsir edə biləcək bir şəbəkə qurub. Həmin şəbəkənin hesabına da bu gün Gürcüstan çalxalanır.

Gürcüstana baxaraq məni sadəcə bir şey düşündürür. Yaxşı ki, biz - Azərbaycan dövləti və ümumiyyətlə, cəmiyyəti vaxtında bu cür təhlükənin qarşısını aldıq. Eyni ssenarilər burada da gerçəkləşdirilirdi. Burada da Qərb özünün yetişdirdiyi adamları daha irəli çıxarmağa çalışırdı. Mümkün qədər onları maliyyələşdirir, vəzifələndirir, populyarlaşdırır, şişirdirdilər ki, günün birində istifadə etsinlər. Azərbaycan dövləti ayıq tərpəndi, bunun qarşısını vaxtında aldı. Ona görə də bu gün bizim ölkəmizdə bu cür ssenarilər keçmir. Amma Gürcüstan hökuməti, əlbəttə ki, Ukrayna kimi vaxtında bu tədbirləri görə bilmədi, hətta bəlli bir müddətdə Qərbin adamlarına hakimiyyəti belə verdi. Ona görə də bu gün o ölkədə belə qarşıdurmalar var. Biz istərdik ki, çox tezliklə qonşu dövlətdə sabitlik bərqərar olsun. Yəni onların həll edəcəyi daha ümdə məsələlər var".

"Gürcüstanın bu gün əsas davası kimin hakimiyyətdə olması, kimin irəli çıxması məsələsi deyil. Gürcüstanın əsas məsələsi Abxaziya və Güney Osetiyanın işğaldan azad edilməsidir. Amma göründüyü kimi Qərbin ortalıqda at oynadan agent şəbəkəsi millətin və dövlətin diqqətini o problemdən uzaqlaşdırıb başqa hava çalır. Bu da Gürcüstan üçün böyük itkilərə səbəb olacaq. Azərbaycan isə bənzər ssenariləri vaxtında rədd edə bildiyinə görə bu gün işğal altındakı torpaqlarına yenidən sahiblənməyi bacarıb. Biz bu oyunlara vaxtında alət olsaydıq, yəqin ki, Qarabağ hələ də ermənilərin işğalı altında olacaqdı" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə