“1992-ci ilin payızında Azərbaycan ağır siyasi vəziyyətdə idi. Yəni, siyasi hakimiyyət erməni işğalına qarşı gücünü toplaya bilmir, qonşu dövlətlər Azərbaycanın haqq işini müdafiə etmirdilər. Həmçinin iqtisadiyyat sıfır, ordu quruculuğu bərbad vəziyyətdə idi. Gənclərin hərbi xidmətə çağırış prosesi belə ədalətsiz idi. Beləliklə Azərbaycan dövlətinin gələcək taleyi ilə bağlı xoş fikirlər söyləmək mümkün deyildi. Belə bir dövrdə Azərbaycan ziyalıları ölkəni bu ağır vəziyyətdən çıxarmaq üçün ümidini Naxçıvana bağladılar və Ulu Öndər Heydər Əliyevdən yeni bir partiyanın yaradılması ilə bağlı düşüncələrini müzakirəyə qoymağı xahiş etdilər. 1992–ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və respublikanın fərqli ərazilərindən 500 nəfər nümayəndə təsis konfransında iştirak etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
O bildirib ki, YAP-ın yaradılması ilə 1993-cü ildə Azərbaycanın ictimai-siyasi həyatı üçün yaranan təhlükəli qardaş qırğınının qarşısı alındı: “Ulu Öndər Heydər Əliyev təkcə Naxçıvanı blokadadan qurtarmadı, eyni zamanda Bakı başda olmaqla, bütün Azərbaycanın köməyinə çatdı.
YAP nadir partiyalardan biridir ki, qısa müddət ərzində müxalifətdə oldu və hakimiyyətə gəldikdən sonra isə iqtidar partiyasına çevrildi. İqtidar partiyasına çevrilən YAP Azərbaycanın daxili və xarici siyasətini diqqətlə təhlil edərək, Ermənistanla münaqişənin davam etdirilməsini məqbul saymadı və atəşkəs imzalandı. Eyni zamanda ölkənin iqtisadiyyatını gücləndirmək üçün “Əsrin müqaviləsi”nin imzalanmasına nail olundu. Bu müqavilənin uğurlu nəticələri bu gün də özünü göstərir.
2003-cü ildən etibarən isə Ulu Öndərin daxili və xarici siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkə başçısı YAP-ın sədri seçildi və Heydər Əliyev yolunu uğurla davam etdirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə əsası Ulu Öndər tərəfindən qoyulan ərazi bütövlüyü məsələsi həll olundu. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və suverenliyimiz bərpa olundu.
YAP bu gün nüfuzlu partiya kimi tanınır və bu partiyanın dünyanın bir çox iqtidar partiyaları ilə səmimi əlaqələri, əməkdaşlıqları var”.
Bütün xəbərlər Facebook səhifəmizdə