"Qərbin iddiası sadəcə Gürcüstanla bağlı deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qərbin bütövlükdə iddiası sadəcə Gürcüstanla bağlı deyil, Cənubi Qafqazla bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, Qərb SSRİ-dən ayrılıb müstəqil olmağı bacarmış üç Cənubi Qafqaz Respublikasında öz təsir imkanlarını genişləndirmək istəyir: "Hətta burada tək söz sahibinə çevrilmək istəyir. Əlbəttə ki, bunu istərkən təhlükəsizlik təminatı da verə bilmirlər. Elə Gürcüstanın timsalında Qərb özünün nəyə qadir olduğunu göstərmiş olub.

2008-2009-cu illərdə Gürcüstan Rusiyaya qarşı qızışdırıldı və rus tankları Tiflisin 30 kilometrliyinə gəlib çıxdı. Gürcüstanın Abxaziya və Güney Osetiya bölgələri Rusiya tərəfindən işğal edildi. Bu günə kimi də işğal altında saxlanılır. Qərb bunun qarşılığında Gürcüstan üçün heç nə edə bilmir. Eyni zamanda Ermənistanı bölgədə Rusiyanın nəzarətindən çıxarıb öz təsir dairələrinə salmağa demək olar ki, nail olublar. Azərbaycanın başına da bu cür oyunlar oynamağa çalışırlar. Amma Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil mövqeyi olan dövlət olduğu üçün bunu bacarmırlar. Ona görə də Gürcüstanda bu fürsətdən istifadə etməyə çalışırlar ki, Ermənistanla bərabər Gürcüstanı da Rusiyanın təsir dairəsindən çıxarsınlar. Onların məqsədi budur".

"Gürcüstan istərdi ki, Qərblə daha yaxın olsun. Onsuz da, Gürcüstan Qərbə inteqrasiya yolu tutub. Amma o sərt girişlər nəticə etibarilə Gürcüstanı daha da pis vəziyyətə salır. Ona görə də Gürcüstan hakimiyyəti Qərbə doğru belə sürətli hərəkətin tərəfdarı deyil. Qərbdən asılılıq onlara bir şey gətirməyəcəyi üçün nisbətən təmkinli davranırlar. Qərb isə istəyir ki, birdən-birə Gürcüstanı Rusiyanın təsir dairəsindən qoparsın, özünə çəksin. Ona görə də Gürcüstan cəmiyyətində çox ciddi ikitirəlik yaranıb. Seçkidən sonra biz nəticəni görəcəyik. Hər halda Gürcüstanda baş verəcəklər Azərbaycan üçün də önəmlidir. Çünki bizim Gürcüstanla münasibətlərimiz bölgədə olduqca vacibdir. Gözləyək, görək" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə