“Qurtuluş Günü: Milli Birlik və Qürur Günü” mövzusunda konfrans keçirildi - FOTOLAR
Pirallahı rayonunda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş Günü: Milli Birlik və Qürur Günü” mövzusunda konfrans keçirilmişdir. SİA xəbər verir ki, tədbirdə RİH başçısı Vasif İmanov, “Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov,YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov,RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və kollektiv üzvləri, Qeyri-hökumət təşkilatlarının nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, fəal gənclər iştirak etdilər.
Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.
İlk öncə dövlət himnimiz səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş video-çarxa baxılmışdır.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasovçıxış edərək bildirdi ki, hər bir xalqın taleyində elə günlər olur ki, onlar tarixə qızıl hərflərlə yazılır. Azərbaycan xalqının da taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi 15 İyun - Milli Qurtuluş Günüdür. Həmin tarixi gündən bizi 31 illik zaman ayırır. 1990-1993-cü illərdə ölkəmizdə baş verən hadisələr onu göstərdi ki, Azərbaycanın nicatı yalnız ulu öndərin ideyalarındadır. Ölkəmizdə anarxiya və xaos hökm sürürdü. Torpaqlarımız işğal olunur, Azərbaycan məhvə sürüklənirdi. Ölkəmiz real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Bir sözlə, qurtuluş Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi. Bu qurtuluşu isə yalnız ümummilli liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyət həyata keçirə bilərdi. Məhz bu tarixi qayıdış Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Arzu Əliyevaya çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəyə rəhbərlik etdiyi müddətdə Azərbaycanı çətin vəziyyıətdən çıxarmaq üçün zəruri addımlar atmışdır. Azərbaycan-Ermənistan arasında atəşkəsin imzalanmasına nail olunmuş, ölkə iqtisadiyyatının inkişafına təkan verən ən böyük strateji əhəmiyyətli “Əsrin müqaviləsi” imzalanmış, dövlət quruculuğu istiqamətində yeni Konstitutsiya qəbul olunmuş, müstəqillik dövründə Milli Məclisə seçkilər keçirilmiş, yerli özünüidarəetmə orqanlarının formalaşdırılması istiqamətində bələdiyyə seçkiləri keçirilmiş, Azərbaycan Respublikası Avropa Şurasına qəbul edilmiş, Dünya Azərbaycanlılarının I Qurultayı təşkil olunmuşdur. Bu gün biz qurtuluşun əhəmiyyətini dərk edərək, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və ölkəmizin inkişafına öz töhfəmizi vermək üçün birlikdə çalışmalıyıq.
“Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyevbildirmişdir ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bütün varlığı ilə vətəninə bağlı olan dünya şöhrətli dövlət xadimi Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi vaxtlarda xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.
Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovçıxışında vurğuladı ki, Azərbaycan xalqının taleyində əlamətdar yer tutan bu gün, ölkəmizin suverenliyinin qorunması və müstəqilliyimizin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edir. 1993-cü ilin həmin günündə xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilərək ölkənin rəhbərliyinə gəldi və Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi. Beləliklə, Azərbaycan üçün tarixi dönüş nöqtəsi başladı. O vaxt ölkə ciddi siyasi və iqtisadi böhran içində idi, daxili çəkişmələr və parçalanma təhlükəsi hər an baş verə bilərdi. Belə bir çətin zamanda Heydər Əliyevin uzaqgörən və qətiyyətli liderliyi sayəsində Azərbaycan bu təhlükələrdən xilas oldu və stabillik yoluna qədəm qoydu. Ümumilikdə, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, müasir Azərbaycanın inkişafı üçün mühüm bir təməl yaratdı. Onun uzaqgörən siyasəti, ölkənin müstəqilliyini möhkəmləndirərək, Azərbaycanı regionda güclü və sabit bir dövlətə çevirdi.
Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, bu gün mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Xalqımız artıq neçə ildir ki, bu bayramı yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin arzuları 27 ildən sonra reallaşdı, cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Noyabr ayında COP-29 kimi nəhəng və möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük diplomatik və siyasi qüdrətin təntənəsidir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.
Tədbirdə rayonun ictimai həyatında fərqlənən bir qrup şəxs Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə