"Azərbaycan daim öz səylərini davam etdirəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin apardığı xarici siyasət Cənubi Qafqazda sülhün birdəfəlik təmin edilməsi, təhlükəsizlik mühitinin yaradılması üçün böyük əsas rolunu oynayır. Azərbaycan həmişə beynəlxalq hüquq normalarına uyğun olaraq yaxın qonşuları ilə yaxşı münasibətlərin saxlanmasının tərəfdarı olub. Heç də təsadüfi deyil ki, bu gün xarici siyasətin Azərbaycan nümunəsi dünyada qonşu dövlətlərlə normal münasibət qurmağın yaxşı nümunələrindən biri hesab edilir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra da dəfələrlə Ermənistan ilə yaxşı münasibətlər qurmağın təşəbbüskarı olub: "Doğrudur, Ermənistan sözdə bunu qəbul etsə də, faktiki olaraq üç il ərzində yaxşı münasibətlər üçün hər hansı real addım atmır. Azərbaycan isə eyni zamanda, Ermənistanla münasibətlərini "Cənubi Qafqaz evi" modelində görmək istəyir. Bunun üçün Azərbaycan-Ermənistan-Gürcüstan üçbucağının qurulması təklif edilir. Ermənistan rəhbərləri ilə görüş üçün Avropada və ya digər bölgələrdə deyil, məhz Gürcüstanın ərazisində görüşün mümkünlüyü dəfələrlə elan edilib. Bu, Azərbaycan tərəfdən Ermənistanla münasibətlərin normallaşması üçün ciddi bir zəmindir".

Deputat sözlərinə davam edərək bildirib ki, bu istiqamətdə Azərbaycan daima öz səylərini davam etdirəcəkdir: "İstərdik ki, Ermənistan artıq Azərbaycanla yaxşı münasibətlərin ilk növbədə mehriban qonşuluq prinsipləri üzərində qurulmasının vacibliyini dərk etsin, bu yöndə konkret addımlar atsın, sülhün bərqərar olmasına öz töhfəsini versin. İşartıları az olsa da, hər halda Azərbaycan nə vaxtsa bunun baş verəcəyinə ümid bəsləyir. Azərbaycan-Gürcüstan artıq normal münasibətlərin nümunəsini ortaya qoyub. Bu münasibətlərdə Ermənistan tərəfini də görmək istəyirik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə