“Gürcüstan Azərbaycanla əlaqələrə çox böyük əhəmiyyət verir“ - DEPUTAT FİKİR BİLDİRDİ

“Azərbaycanla Gürcüstanın həm siyasi, həm də iqtisadi əlaqələri hər zaman dinamik inkişafda olub. İki ölkənin regional təhlükəsizlik məsələlərinə oxşar baxışları mövcuddur. Ən vacib məqamlardan biri də ondan ibarətdir ki, regionda həyata keçirilən çox mühüm enerji və nəqliyyat layihələrində Azərbaycan və Gürcüstanın birgə iştirakı mövcuddur. Bu da iki ölkə arasında əlaqələrin, əməkdaşlığın sıxlaşdırılmasının əsas drayverləri rolunda çıxış etməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Gürcüstana səfəri bir daha nümayiş etdirdi ki, iki ölkə arasındakı münasibətlər daim inkişaf edərək, özünün ən yüksək nöqtəsinə çatıb: “Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan və Gürcüstan rəhbərlərinin intensiv qarşılıqlı səfərləri iki ölkə arasında əlaqələrin inkişafını şərtləndirib. Bu səfər ölkə başçısının Gürcüstana sayca 11-ci səfəri idi. Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafına çox ciddi töhfə verən qonşu dövlətdir. Gürcüstanda infrastruktur quruculuğunda Azərbaycanın xüsusi rolu var.

Bakı-Tblisi-Qars dəmir yolu xətti Gürcüstanın tranzit ölkə statusunu möhkəmləndirməklə yanaşı, müvafiq olaraq Gürcüstan iqtisadiyyatına çox güclü dividentlər gətirməkdədir. Azərbaycanın dəstəyi ilə bu dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması istiqamətində addımlar atılır.

Gürcüstan Azərbaycanla əlaqələrə çox böyük əhəmiyyət verir. Təkcə regional deyil, beynəlxalq təşkilatlar içərisində də Azərbaycanla Gürcüstanın sıx əməkdaşlığının olduğu önə çəkilib. Eyni zamanda regionda sülh yaradıcılığı prosesində Gürcüstanın vasitəçi ola biləcəyini dilə gətirən Gürcüstan Baş Naziri Azərbaycanın təşəbbüslərinin sözügedən ölkə tərəfindən dəstəkləndiyini vurğulayıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə